Bakıda kişi arvadını azyaşlı övladının gözü qarşısında güllələdi - Yenilənib (Video)

Bakıda qadının küçədə qətlə yetirilməsinin daha bir təfərrüatı məlum olub. Milli.Az oxu.az -a istinadən xəbər verir ki, qətl hadisəsi qadının azyaşlı uşağının gözü qarşısında baş verib. Belə ki, Zaur Qəhrəmanov bir müddət əvvəl həyat yoldaşı Amalya Qəhrəmanovadan boşanıb və onların azyaşlı övladı qadında qalıb. Zaur Qəhrəmanov dünən övladını özü ilə aparmaq istəyib. Lakin qadın buna etiraz edib. O, buna görə Amalya Qəhrəmanova ilə mübahisə edib. Bu gün isə Zaur ov tüfəngini götürərək avtomobili ilə Amalyanın iş yerinin qarşısına gəlib və uşağı görmək istədiyini deyib. Həmin vaxt Amalya uşaqla birlikdə aptekdə olub. O, uşağı atasına göstərsə də, onu aparmasına icazə verməyib. Zaur Amalyadan uşağı maşına gətirməyi xahiş edib. Bildirib ki, o, uşaqla avtomobildə görüşmək istəyir. Amalya da onunla razılaşıb və uşağı avtomobilə atasının yanına gətirib. Zaur uşağı avtomobilə əyləşdirəndən sonra oradan uzaqlaşmaq istəyib. Lakin Amalya uşağı ondan alıb işlədiyi aptekə qaçıb. Zaur Qəhrəmanov isə avtomobilində olan ov tüfəngini götürərək aptekə tərəf gedib. Amalya uşağı aptekə qoyub, özü isə qaçmağa cəhd edib. Zaur onu yaxalayaraq ov tüfəngi ilə qətlə yetirib. ----------- TƏBİB-dən hadisə ilə bağlı bildirilib ki, 09.07.2026-cı il tarixində saat 16:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Yasamal rayonu, Şamaxinka ərazisindən çağırış qeydə alınıb. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfər (kişi) müştərək travma diaqnozu ilə Kliniki Tibb Mərkəzə hospitalizasiya olunub. Gözün dağılmış yarası və kəllədaxili travma diaqnozları təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir. Qeyd edək ki, təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərin (qadın) hadisə yerində həkiməqədər ölüm faktı qeydə alınıb. Cinayət törətməkdə şübəli bilinən 43 yaşlı Zaur Qəhrəmanov, güllələnən qadın 44 yaşlı Amalya Qəhrəmanovadır. ---------- Bakıda silahlı insident baş verib. Milli.Az unikal-a istinadən xəbər verir ki,  hadisə paytaxtın Nəsimi rayonu, Mir Cəlal küçəsində qeydə alınıb. Belə ki, kişi ov tüfəngi ilə arvadını güllələyərək qətlə yetirib. Daha sonra isə özünə silahla atəş açıb. O, xəstəxanaya yerləşdirilib. Hadisə şahidlərinin verdiyi məlumata görə, həin şəxs özünü öldürmək istədikdə gözünə atəş açıb, nəticədə gözünü itirib. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)