Ağstafada Səməd Vurğunun 120 illik yubileyi qeyd olundu — Fotolar

Yubiley tədbiri Heydər Əliyev Mərkəzində Ağstafa Rayon İcra Hakimiyyəti və Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə keçirilib. “Qafqazinfo” xəbər verir ki, əvvəlcə Dövlət Himnimiz səsləndirilib, Ulu Öndər Heydər Əliyevin, Xalq şairinin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirələrinə bir dəqiqəlik sükut elan olunaraq ehtiramla yad olunub. Tədbirin aparıcısı Azərbaycan Yazıçılar Birliyinin Qazax Bölməsinin sədri, şair, əməkdar incəsənət xadimi Barat Vüsal yubiley gecəsini açıq elan edərək hər kəsi ilk öncə Səməd Vurğunun həyat və yaradıcılığından bəhs edən video-çarxa tamaşa etməyə dəvət edib. Seymur Orucov çıxış edərək qeyd edib ki, hər kəsə yaxşı məlumdur ki, Ümumilli Lider Heydər Əliyev Səməd Vurğun dühasına dövlətçilik səviyyəsinə hər zaman ən ali dəyəri vermişdir. Ulu Öndərin siyasi irsinin layiqli davamçısı Prezident İlham Əliyevin Xalq şairi Səməd Vurğunun 120 illiyinin qeyd edilməsi haqqında 26 fevral 2026-cı il tarixli Sərəncamı sənətkarın ruhuna ehtiramın, xalqın mənəvi mirasına, mədəni irsinə sadiqliyin təcəssümüdür. Bu il böyük ustadın 120 illik yubileyi münasibətilə Azərbaycanda silsilə ədəbi-bədii tədbirlər, elmi konfranslar və xatirə gecələri keçirilir. Azərbaycanın ədəbi fikir salnaməsində yeni parlaq mərhələ başladan Səməd Vurğunun əvəzsiz zəngin bədii irsi bu gün də yaşayır və gənc nəslin milli-mənəvi dəyərlərə, Vətənə sədaqət ruhunda yetişməsində müstəsna rol oynayır. Digər çıxış edənlər, Bakı Dövlət Universitetinin Qazax filialının professoru Hüseyn Xəlilov, “Hüseyn Arif ədəbi məclisi”nin sədri, şair Saqif Qaratorpaq, Azərbaycan Yazıçılar Birliyi Qazax bölməsində ədəbi məsləhətçi Mustafa Rasimoğlu, Azərbaycan Yazıçılar Birliyinin üzvləri, şairlər, Arif Musazadə, Gülsənəm Cəlilli və Tamella Poladlı şairin çoxşaxəli həyat və yaradıcılığından, zəngin ədəbi irsindən geniş söz açıblar. Mədəniyyət və incəsənət nümayəndələrinin təqdimatında Xalq şairinin şeirləri və sözlərinə həsr olunmuş musiqi əsərləri tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb. Qazax Dövlət Dram Teatrının aktyoru, əməkdar artist Hacı Hacıyev və gənc aktrisa Məlahət Məsud “Şair, nə tez qocaldın sən?” şeirinə həsr olunmuş ədəbi kompozisiyanı nümayiş etdiriblər. Ağstafalı müğənnilər, Ramal Balacanov “Yadıma düşdü”, Gültəkin Hüseynova “Oxu gözəl” mahnılarını ifa ediblər, saz havalarının sədaları ilə aşıq Samir Cəlaloğlu “Azərbaycan” və aşıq İradə “Dağlar”, gənc aktrisa Məlahət Məsud “Ana və körpə”, “Yada sal məni”, gənc şair Rüfət Axundlu “Ananın öyüdü” şeirlərini səsləndiriblər.