Tbilisidə azərbaycanlı qadının qatili saxlanılıb - (Video)
Gürcüstanın hüquq mühafizə orqanlarının əməkdaşları həyata keçirdikləri operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində Tbilisidə azərbaycanlı qadın Fatimə Kərimovanın qətlə yetirməkdə təqsirləndirilən şəxsi Batumi Beynəlxalq Hava Limanında saxlayıblar. Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb. Təqsirləndirilən şəxsin saxlanılması Türkiyə və Azərbaycan hüquq-mühafizə orqanlarındakı həmkarlarla sıx koordinasiya şəraitində, həmçinin Gürcüstan polisinin Türkiyədəki attaşesinin birbaşa iştirakı ilə həyata keçirilib. Məlumata görə, təqsirləndirilən şəxs cari ilin 27 iyun tarixində Tbilisidə müvəqqəti yaşadığı mənzildə qohumuna (xalası qızına) həyat üçün təhlükəli xəsarətlər yetirib. Zərərçəkən aldığı xəsarətlər nəticəsində hadisə yerində dünyasını dəyişib. Polis hadisədən dərhal sonra həyata keçirilən operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində şübhəlinin şəxsiyyətini operativ şəkildə müəyyən edib və onun barəsində axtarış elan olunub. Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 109-cu (ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə) maddəsi ilə aparılır. Həmin maddə 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Şərh verin