Azərbaycanda 166 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda qanunsuz dövriyyədən çıxarılan narkotik vasitə və psixotrop maddələrin ümumi çəkisi 5 ton 497 kiloqram 378,1 qram təşkil edib. Müsadirə olunan narkotiklərin ümumi dəyəri isə təxminən 166 milyon manat qiymətləndirilir. Milli.Az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu məlumat yayıb. Məlumata görə, müsadirə edilən narkotiklərin 4 ton 698 kiloqram 482,159 qramını marixuana, 236 kiloqram 893,346 qramını heroin, 104 kiloqram 999,798 qramını tiryək, 240 kiloqram 913,147 qramını həşiş, 124 kiloqram 868,74 qramını digər narkotik vasitələr, 91 kiloqram 220,91 qramını isə psixotrop maddələr təşkil edib. Bundan başqa, əməliyyatlar zamanı 24 min 437 ədəd metadon həbi, 9 min 444 ədəd çətənə kolu və 29 ədəd psixotrop tərkibli həb də aşkar edilərək götürülüb. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)