Eşq şəhərində darıxanlar üçün...
AYB-nin üzvü, gənc yazar, jurnalist Ruzbeh Məmməd “Eşq şəhərində darıxanlar üçün” adlı şeir yazıb. “Qafqazinfo” sözügedən şeiri təqdim edir: qatar çıxıb gedibsə, şəhər də boş qalıbsa ömür yarıyuxulu, keçib və azalıbsa dənizdə gəmilər də bezib lövbər salıbsa vidalaşmaq vaxtıdı: sağ ol, qəribim şəhər haçansa görüşərik, qayıtsaq bir gün səhər... *** hər şey öz axarından çıxır sükut içində quş dimdiyindən şeir atdım sənə köçümlə asıldığım ağacdan yapışdım var gücümlə üzüm saralıncamı, məni boğunca qəhər gülümsəyib baxıram, şəklimi tez kim çəkər? kədər yolumdan böyük, sevinc addım qədərdi ümid bom-boz çöllükdü, darıxmaq da hədərdi Unudulan qadınlar harda və nətəhərdi? o şəhərlər var idi, gecələri qaranlıq skamiyalar soyuq, həm də bir tək adamlıq ...və şəhərdən, küçədən, sevdiyimiz qadından qaldı rəngsiz şəkillər, qaldı vədlər, yalanlar... bir-birinə oxşayır dünyada atılanlar... söndü göyün üzündə ulduzlar da birbəbir ən yaxşı hədiyəymiş bir adamlıq boş qəbir hər kəs arzu elədi, arzusuna çatmadı bizdən keçib gedənlər bəs kimi aldatmadı? peyğəmbərlik etmək də adımıza yatmadı eşqtək divanəlikdən endik boydan dərinə apardı kabus bizi başqa eşq şəhərinə... orda eşqlər qəribdi, orda hər yer kölgədi adam üçün ölməyə ən yaxşı yer ölkədi gəl ki, sığındığımız ümidlər də puç imiş nəyi nə vaxt anlamaq biləndə də gec imiş... *** gərək inciməzdin heç gərək ötüb keçəydin sən dağılmış şəhərdin tərk edilmiş küçəydin mən səni axtaranda nə həmin vaxtdı, nə o an nə mən mənəm, nə sən sən sən mənim getmədiyim, gərçi arzu etdiyim ən sevdiyim şəhərsən ki, bildim darıxanda o gün yuxuda görmüşəm: tənhalığın içində, qaşqabağa batmısan, bir az üzdən kökəlmisən, bir az saç uzatmısan... hikkən də bir az azalıb əvvəlkinə baxanda səndən bircə istədiyim; saçlarını toxunma, məndən acığ çıxanda... bilirəm, onsuz tənhadı mənim öpüb, and içdiyim qollarınsa yaxanda... gərək inciməzdin heç gərək keçib gedəydin mən səni axtaranda... *** yarpaqlar tökülən vaxta belimiz bükülən vaxta gözümüz qapı səsinə göz verib dikilən vaxta çatammadıq, a zalım bizi ötürməkçün adam bizi güldürməkçün adam bizi öldürməkçün adam tapammadıq, a zalım ömür bir daş, bir şəkil o da qismətsə təki... bir gün başa bir tətik atammadıq, a zalım Ruzbeh Məmməd

Şərh verin