Faydalı qazıntı yataqları hərraca çıxarılacaq

Avqustun 26-da faydalı qazıntı yataqlarının istifadəyə verilməsi məqsədilə növbəti hərrac keçiriləcək. Milli.Az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti məlumat yayıb. Məlumata görə, hərrac Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi ilə birgə təşkil olunacaq. Hərracda Füzuli rayonundakı "Arayatlı" (38,7 hektar) və Qəbələ rayonundakı "Bumçay" (27,5 hektar) qum-çınqıl yataqları investorların istifadəsinə təklif ediləcək. Hərracda iştirak etmək istəyən iddiaçılar müvafiq sənədləri 19 avqust 2026-cı il saat 18:00-dək "Bakı KOB evi"nə təqdim etməlidirlər. Qeyd olunub ki, əsas şərtlər toplusunu əldə etmək və hərracda iştirak üçün elan edilmiş xidmət haqqı və beh ödənilməlidir. Hərracda həm yerli, həm də xarici fiziki və hüquqi şəxslər iştirak edə bilərlər. Hərrac Əmlak Xidmətləri Məkanında keçiriləcək. Hərracın şərtləri ilə Hərracların Təşkili Mərkəzinin rəsmi saytında tanış olmaq mümkündür. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)