DÇ tarixində rekorda imza atdı

Fransa millisinin baş məşqçisi Didye Deşam dünya çempionatı tarixində yeni rekorda imza atıb. “Qafqazinfo” xəbər verir ki, 57 yaşlı mütəxəssis İspaniya ilə keçirilən yarımfinal görüşündə Fransanı idarə etməklə mundiallarda ən çox oyun keçirən baş məşqçi olub. Fransa həmin qarşılaşmada İspaniyaya 0:2 hesabı ilə məğlub olsa da, Deşam turnir tarixində 26-cı oyununa çıxaraq rekordun yeni sahibi olub. Deşam bununla 1966-1978-ci illər arasında Qərbi Almaniya millisinin baş məşqçisi olmuş Helmut Şönün rekordunu geridə qoyub. Şön DÇ-lərdə 25 oyunda komandasına rəhbərlik etmişdi. Mundial tarixində ən çox oyun keçirən məşqçilər siyahısında üçüncü pillədə isə 23 oyunla Karlos Alberto Parreyra qərarlaşıb. O, karyerası ərzində Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Braziliya və Cənubi Afrika yığmalarını çalışdırıb. Deşam 2012-ci ilin iyulundan Fransa millisinin baş məşqçisidir. Onun rəhbərliyi altında “Les Bleus” böyük uğurlara imza atıb. Fransa 2018-ci ildə dünya çempionu olub, 2022-ci il mundialında finala yüksəlib, AVRO-2016-nın finalında iştirak edib və 2021-ci ildə Millətlər Liqasının qalibi olub. İspaniya ilə yarımfinal matçında Fransa 0:2 hesabı ilə məğlub olaraq final şansını itirib. İspaniyanın qollarını Mikel Oyarzabal və Pedro Porro vurub. Deşam üçüncü yer uğrunda keçiriləcək oyunda da Fransanın sükanı arxasında olacaq. Bu qarşılaşma ilə onun DÇ-lərdə keçirdiyi oyunların sayı 27-yə çatacaq. 2026-cı il mundialından sonra Deşamın Fransa millisindəki 14 illik dönəmi başa çatacaq. Onun yerinə isə sabiq ulduz futbolçu Zinəddin Zidanın gətiriləcəyi gözlənilir.