Ümumdünya Gömrük Təşkilatının baş katibi Abşeron Logistika Mərkəzini ziyarət edib

Azərbaycanda ilk dəfə səfərdə olan Ümumdünya Gömrük Təşkilatının Baş katibi Yan Sanders Abşeron Logistika Mərkəzini ziyarət edib. “Qafqazinfo” xəbər verir ki, görüşdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov da iştirak edib. Səfər çərçivəsində nümayəndə heyətinə Abşeron Logistika Mərkəzinin logistika və terminal xidmətləri, multimodal tranzit yükdaşımaların təşkili və gömrük əməliyyatlarının səmərəli idarə olunması barədə məlumat təqdim olunub. Görüşdə Abşeron Logistika Mərkəzində istifadə olunan rəqəmsal həllər və dövlət qurumları ilə qarşılıqlı fəaliyyət mexanizmləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, “bir pəncərə” sistemi Dövlət Gömrük Komitəsi və Azərbaycan Dəmir Yollarının informasiya sistemləri ilə inteqrasiya olunaraq gömrük və logistika proseslərinin vahid platforma üzərindən operativ, şəffaf və səmərəli idarə edilməsini təmin edir. Nümayəndə heyəti Mərkəzin ərazisində fəaliyyət göstərən Abşeron Gömrük Postu və “Abşeron” yük dəmiryolu stansiyası, eləcə də gömrük və logistika əməliyyatlarının vahid ərazidə koordinasiyalı şəkildə təşkili ilə yaxından tanış olub. Bununla yanaşı, müasir anbar kompleksi və “Biznes Park Abşeron” Özəl Sənaye Məhəlləsinin fəaliyyət imkanları da təqdim olunub. Görüş çərçivəsində vurğulanıb ki, Mərkəzdə logistika, istehsal və gömrük xidmətlərinin inteqrasiya olunmuş ekosistem çərçivəsində təqdim edilməsi biznes proseslərinin səmərəliliyini artırmaqla yanaşı, Azərbaycanın regional tranzit və logistika habı kimi mövqeyinin möhkəmlənməsinə xidmət edir. Səfər Azərbaycanın gömrük və logistika sahəsində tətbiq etdiyi müasir yanaşmaların, rəqəmsal transformasiya istiqamətində həyata keçirilən tədbirlərin və dövlət-özəl sektor əməkdaşlığının beynəlxalq səviyyədə təqdim edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, Azərbaycanın Orta Dəhliz, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafına verdiyi töhfə, regional və qlobal ticarət əlaqələrinin möhkəmləndirilməsində ölkənin strateji rolunu bir daha nümayiş etdirir.