Tehranda elektrik enerjisinə məhdudiyyətlər tətbiq olunacaq

İranda artan enerji tələbatı səbəbindən paytaxt Tehranın müxtəlif ərazilərində elektrik enerjisinin verilişinə məhdudiyyətlər tətbiq ediləcək. Milli.Az apa -ya istinadən xəbər verir ki, bu barədə Tehran Elektrik Paylayıcı Şirkəti açıqlama yayıb. Bildirilib ki, havaların istiləşməsi və elektrik enerjisinə tələbatın əhəmiyyətli dərəcədə artması ilə əlaqədar məhdudiyyətlər bu gündən etibarən mərhələli şəkildə tətbiq olunacaq. Məqsəd paytaxtın enerji şəbəkəsinin dayanıqlığını qorumaqdır. Bundan əvvəl İranın Elektrik Enerjisinin İstehsalı, Ötürülməsi və Paylanması Şirkəti də son 40 günlük müharibə zamanı ölkənin elektrik infrastrukturuna ciddi ziyan dəydiyini açıqlamışdı. Şirkətin məlumatına görə, texniki hesablamalar nəticəsində elektrik şəbəkəsinin gücü təxminən 4200 meqavat azalıb, eyni zamanda şəbəkənin 2 mindən çox nöqtəsi zədələnib. Qeyd olunub ki, bu zədələr xüsusilə pik istehlak saatlarında elektrik təchizatının dayanıqlılığına və xidmətlərin operativ göstərilməsinə birbaşa təsir edir. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)