Alla Puqaçova Mayamidəki milyonluq evini qızına 1 dollara verdi

Rusiyanın məşhur müğənnisi Alla Puqaçova ABŞ-ın Mayami şəhərində yerləşən lüks mənzilini böyük qızı Kristina Orbakaytenin adına rəsmiləşdirib. Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, əmlakın alqı-satqı sənədlərində simvolik məbləğ - cəmi 1 dollar göstərilib. Söhbət Mayaminin nüfuzlu Bal Harbour bölgəsində yerləşən Majestic Tower yaşayış kompleksindəki 285 kvadratmetrlik mənzildən gedir. Alla Puqaçova bu əmlakı 2004-cü ildə 2 milyon dollardan artıq məbləğə satın almışdı. Dəbdəbəli mənzildə üç yataq otağı, dörd hamam otağı və Atlantik okeanına açılan mənzərə mövcuddur. Kompleksdə isə qızdırılan hovuzlar, tennis kortları, şəxsi kitabxana və helikopter meydançası kimi imkanlar sakinlərin istifadəsinə verilib. Bildirilir ki, bu, mənzilin ilk dəfə ailə üzvləri arasında rəsmiləşdirilməsi deyil. Əvvəlki illərdə Kristina Orbakayte, Nikita Presnyakov və Mixail Zemtsov da əmlakın ortaq sahibləri olublar. Sonradan mülkiyyət hüququ bir neçə dəfə simvolik məbləğ qarşılığında ailə üzvləri arasında dəyişdirilib. Məlumata əsasən, daha sonra bu daşınmaz əmlak ABŞ-da fəaliyyət göstərən trast fondlarının idarəçiliyinə verilib. İddialara görə, bu addım ailəyə məxsus əmlakın mümkün sanksiyalardan qorunması məqsədi daşıyır. Qeyd olunur ki, sözügedən mənzil üzrə illik əmlak vergisi təxminən 40 min dollar təşkil edir. Daha əvvəl Rusiya mətbuatında Alla Puqaçovanın borclarla bağlı məhkəmə araşdırması ilə üzləşdiyi barədə də məlumatlar yayılmışdı. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)