AQTA yas mərasimlərində zəhərlənmələrin səbəbini açıqladı: Lavaş
Son günlər Gəncə şəhəri və Samux rayonunda yas mərasimləri zamanı baş verən qida zəhərlənmələri ilə bağlı araşdırmalar davam etdirilir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məlumatına görə, aparılan ilkin epidemioloji araşdırmalar zamanı hər üç hadisədə istehlak olunan qida məhsulları təhlil edilib. Araşdırma zamanı zəhərlənmə faktlarının qeydə alındığı yas mərasimlərində ortaq risk amili kimi lavaş məhsulu müəyyən olunub. AQTA bildirib ki, iyulun 12-də Gəncə şəhərində 7 nəfər, iyulun 14-də yenidən Gəncədə 3 nəfər, iyulun 15-də isə Samux rayonunda 12 nəfərin qida zəhərlənməsi ilə bağlı araşdırmaya başlanılıb. Məlum olub ki, sözügedən mərasimlərdə istifadə edilən lavaş məhsulları qeyri-qanuni şəkildə ev şəraitində hazırlanaraq satışa çıxarılıb. Agentlik tərəfindən lavaş nümunələri götürülüb. Laborator müayinələrin nəticələri, həmçinin məhsulun hazırlanma şəraiti ilə bağlı araşdırmalar yekunlaşdıqdan sonra əlavə məlumat veriləcək. AQTA vətəndaşlara qida məhsullarını yalnız qeydiyyatdan keçmiş və təhlükəsizlik tələblərinə cavab verən istehsalçı və satış məntəqələrindən almağı, mənşəyi məlum olmayan və ev şəraitində hazırlanaraq satılan məhsullardan istifadə etməməyi tövsiyə edib. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Şərh verin