Küveytin hava hücumundan müdafiə sistemləri PUA hücumlarının qarşısını alır
Küveytin hava hücumundan müdafiə (HHM) sistemləri ölkənin hava məkanını pozan pilotsuz uçuş aparatlarını zərərsizləşdirir. Əmirliyin Silahlı Qüvvələrinin Baş Qərargahından verilən məlumata görə, hazırda HHM sistemləri İranın hücumlarından sonra düşmən pilotsuz uçuş aparatlarının zərbələrini dəf edir. Məlumatda paytaxtda eşidilən partlayış səslərinin də hava hücumundan müdafiə sistemlərinin fəaliyyəti ilə bağlı olduğu bildirilib. Baş Qərargah sakinləri təşvişə düşməməyə və təhlükəsizliklə bağlı aidiyyəti qurumların verdiyi göstərişlərə əməl etməyə çağırıb. Qeyd edək ki, iyulun 8-də ABŞ Prezidenti Donald Tramp atəşkəs rejiminin pozulduğunu açıqlayaraq İrana qarşı yeni zərbələrə göstəriş verdiyini bildirib. Bundan sonra İran ABŞ-nin Fars körfəzi regionundakı hərbi obyektlərini raket və pilotsuz uçuş aparatları ilə hədəfə alıb. Vaşinqton Tehranın danışıqlara qayıtmaq ehtimalını istisna etməsə də, Hörmüz boğazının təhlükəsizliyi, nüvə proqramı və digər məsələlər üzrə fikir ayrılıqları diplomatik prosesin gələcəyini qeyri-müəyyən saxlayır. Hazırda Hörmüz boğazında ticarət gəmiçiliyinin fəaliyyəti ciddi şəkildə məhdudlaşıb. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Şərh verin