Niyazi Bayramov Gəncədə aparılan işlərlə tanış oldu — Fotolar

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhərdə “Bakı Abadlıq Xidməti” MMC tərəfindən həyata keçirilən abadlıq-quruculuq, təmir-bərpa və yenidənqurma işlərinin gedişatı ilə mütəmadi olaraq yerində tanış olub. Əvvəlcə şəhər rəhbəri Gəncə Park-Bulvar Kompleksində görülən işlərə baxış keçirib. Məlumat verilib ki, kompleksdə həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq tədbirləri planlaşdırılmış qrafikə uyğun davam etdirilir. Belə ki, Bayraq Meydanı ərazisində yenidənqurma işləri aparılır, meydanın ətrafına qranit plitələr döşənərək ərazi abadlaşdırılır. Velosiped zolağının alt qatının asfaltlanmasına başlanılıb və yaxın vaxtlarda zolaq standartlara uyğun şəkildə istifadəyə veriləcək. Bununla yanaşı, işıqlandırma sisteminin infrastrukturu tam yenilənir. Köhnə kabellər yeni və təhlükəsiz xətlərlə əvəz olunur, işıqlandırma plafonları müasir tələblərə uyğunlaşdırılır. Bulvar boyunca məhəccərlərdəki zədələnmiş aqlay daşları bərpa edilib, piyadaların təhlükəsizliyi üçün nəzərdə tutulmuş tutacaqlar isə yenilənərək təmir olunub. Qeyd olunub ki, ərazidə fəaliyyət göstərən və gələcəkdə fəaliyyət göstərəcək restoran və kafelərin şəhərin ümumi memarlıq üslubuna uyğunlaşdırılması, estetik görünüşünün yaxşılaşdırılması məqsədilə xüsusi dizayn layihələri də hazırlanıb. Daha sonra Niyazi Bayramov Mirzə Şəfi Vazeh adına Parkda aparılan təmir işləri ilə tanış olub. Bildirilib ki, parkın əsas giriş hissəsi sökülərək yenidən layihələndirilir. Bu dəyişiklik parkın daxili hissəsinin daha geniş görünməsinə və ərazidə ucaldılmış abidənin daha aydın görünməsinə imkan yaradacaq. Həmçinin parkda zədələnmiş tamet daşları bərpa olunur, elektrik və işıqlandırma xətləri tamamilə yenilənir, muzey binasının fasadı təmizlənərək ilkin görkəminə qaytarılır. Əraziyə yeni oturacaqlar yerləşdirilir və cari təmir işləri həyata keçirilir. Mirzə Şəfi Vazehin abidəsinin arxa fonundakı mozaik panonun bərpası üçün isə peşəkar mütəxəssislər cəlb olunub. Eyni zamanda, şəhərin daha bir tarixi məkanında-Dəmiryol Vağzalı binasının fasadındakı iri mozaik pano da uğurla bərpa edilib. Şəhər rəhbəri daha sonra “Abad Məhəllə” layihəsi çərçivəsində abadlaşdırılan həyətlərdən birində görülən işlərlə tanış olub. Bildirilib ki, ərazidə qanunsuz tikilmiş qarajlar və sakinlər tərəfindən icazəsiz inşa edilmiş mərasim evləri sökülüb, digər qanunsuz tikililərin də mərhələli şəkildə sökülməsi nəzərdə tutulur. Sökülmüş qeyri-qanuni tikililərin yerində müasir park salınacaq, futbol meydançası, uşaqlar və gənclər üçün əyləncə, habelə idman meydançaları yaradılacaq. Eyni zamanda yaşayış binalarının fasadları qismən təmir olunur, həyətyanı yollar asfaltlanır, bordürlər yenilənir və tamet döşənir. Layihənin yekun mərhələsində ərazidə geniş yaşıllıq zolaqlarının salınması nəzərdə tutulur. Niyazi Bayramov görülən işlərlə tanış olduqdan sonra aidiyyəti qurumlara müvafiq tapşırıq və tövsiyələrini verib. Baxış zamanı şəhər rəhbəri bir sıra ərazilərdə qanunsuz küçə ticarəti ilə məşğul olan şəxslərlə də maarifləndirici söhbət aparıb, ictimai yerlərin zəbt edilməsinin yolverilməz olduğunu diqqətə çatdırıb və qanunsuz ticarətin dayandırılması istiqamətində müvafiq tədbirlərin görülməsini tapşırıb. Qeyd edək ki, Gəncə şəhərində həyata keçirilən abadlıq-quruculuq, təmir-bərpa və yenidənqurma işləri şəhər rəhbərliyinin daim nəzarətində saxlanılır.