Azərbaycan–Almaniya tərəfdaşlığı: Enerjidən “yaşıl” iqtisadiyyata və tranzitə keçid
Milli.Az Trend -də dərc olunan məqaləni təqdim edir. Avropanın enerji, logistika və sənaye siyasətində baş verən dərin dəyişikliklər fonunda Azərbaycan ilə Almaniya arasında münasibətlər tədricən ənənəvi "neft müqabilində texnologiya" modelinin hüdudlarını aşır. Bir tərəfdən Almaniya Azərbaycan enerji resurslarının Avropadakı ən iri istehlakçılarından biri olaraq qalır, digər tərəfdən isə Orta Dəhlizin tranzit qovşağı, "yaşıl" enerji sahəsində tərəfdaş və Avropa İttifaqının Cənubi Qafqaz strategiyasının mühüm elementi kimi Azərbaycana marağını artırır. İqtisadi göstəricilərin, enerji müqavilələrinin, nəqliyyat təşəbbüslərinin və siyasi təmasların məcmusu ikitərəfli münasibətlərin daha kompleks və strateji mərhələyə keçdiyini göstərir. Ticarət: möhkəm təməl və şaxələndirmə kursu 2025-ci ildə Azərbaycan ilə Almaniya arasında ticarət dövriyyəsinin həcmi təxminən 1,7 milyard avro təşkil edib, 2026-cı ilin ilk altı ayında isə qarşılıqlı ticarət dövriyyəsi təxminən 573 milyon dollara çatıb. Bu göstəricilər iqtisadi əlaqələrin dayanıqlığını təsdiqləsə də, ticarətin strukturu hələ də asimmetrik olaraq qalır. Almaniyanın Azərbaycandan idxal etdiyi məhsulların əsas hissəsini əvvəlki kimi neft təşkil edir. Almaniya Azərbaycan neftinin ən iri alıcıları sırasında ilk onluqda yer alır. Son məlumatlara görə, bu ölkəyə 210,9 milyon ABŞ dolları dəyərində 360,3 min ton Azərbaycan nefti ixrac edilib. Almaniyadan isə Azərbaycan əsasən maşınlar, avadanlıqlar, elektron cihazlar və avtomobillər idxal edir. Bu bölgü xammal ixracatçısı ilə sənaye iqtisadiyyatı arasında formalaşmış ənənəvi münasibətlər modelini əks etdirir. Lakin hər iki ölkənin siyasi rəhbərliyi artıq açıq şəkildə bu modelin dəyişdirilməsinin zəruriliyini bəyan edir. Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin 2025-ci ildə Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevin, xüsusilə bərpa olunan enerji sahəsində ticarət dövriyyəsinin şaxələndirilməsinin vacibliyi barədə verdiyi bəyanat, əslində, ikitərəfli əməkdaşlığın yeni gündəliyini müəyyənləşdirib. "Biz hesab edirik ki, gələcək illərdə öz ticarət dövriyyəmizin şaxələndirilməsi ilə bağlı daha fəal addımlar atmalıyıq, xüsusilə bərpaolunan enerji sahəsində - harada ki, Almaniya şirkətlərinin çox böyük təcrübəsi var, Azərbaycanın da çox böyük proqramı, planları var",-deyə Prezident İlham Əliyev 2 aprel 2025-ci ildə Bakıda Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə mətbuata bəyanatlarla çıxışı zamanı bildirib. Eyni zamanda, 2025-ci ildə Almaniyadan Azərbaycana birbaşa xarici investisiyaların həcmi 26,3 milyon dollar təşkil edib. Bununla belə, investisiya əməkdaşlığının potensialı hələ tam reallaşdırılmayıb və əsas inkişaf ehtiyatı infrastruktur, enerji və texnoloji layihələrdə qalır. Energetika: neftdən uzunmüddətli qaz tərəfdaşlığına Ən mühüm keyfiyyət dəyişikliyi 2026-cı ilin yanvarından etibarən Azərbaycan qazının Almaniyaya birbaşa ixracının başlanılması olub. Cənub Qaz Dəhlizi və İtaliyanın qaz sistemi vasitəsilə Azərbaycanın dövlət neft şirkəti SOCAR Almaniya şirkətlərini Azərbaycan qazı ilə təmin etməyə başlayıb. Müqavilələrin ümumi həcmi ildə təxminən 2 milyard kubmetr təşkil edir. Bu razılaşmaların əsas xüsusiyyəti ondan ibarətdir ki, onlar yalnız qazın fiziki tədarükünə deyil, həm də ilk növbədə italiyalı olmaqla Avropa idxalçıları ilə svop-əməliyyatları mexanizminə əsaslanır. Avropa İttifaqına ixrac edilən Azərbaycan qazının təxminən 90 faizini İtaliya qəbul etdiyindən, Almaniya şirkətləri bu resursa Avropanın qaz infrastrukturu vasitəsilə çıxış əldə edirlər. Bu, Azərbaycanın Avropanın enerji sisteminə yüksək səviyyədə inteqrasiya olunduğunu nümayiş etdirir. Müqavilələrin uzunmüddətli səciyyə daşıması - təxminən on il müddətinə olması - xüsusi əhəmiyyət kəsb edir. Son illərin enerji böhranından sonra Almaniya məhdud sayda tədarükçüdən asılılığı azaltmağa və qaz mənbələrini şaxələndirməyə çalışır. Azərbaycan üçün isə bu, regional ixracatçı statusundan Avropanın enerji təhlükəsizliyinin mühüm elementlərindən birinə çevrilmək deməkdir. SOCAR ilə Almaniyanın "Uniper" şirkəti arasında əməkdaşlığın dərinləşməsi də diqqət çəkir. 2025-2026-cı illəri əhatə edən Əməkdaşlıq Proqramının imzalanması tərəflər arasında əməkdaşlığın institusional xarakter aldığını göstərir. Daha geniş kontekstdə bu proseslər birbaşa olaraq Avropa İttifaqının siyasəti ilə bağlıdır. Hazırda Azərbaycanın qaz ixracının yarısı Aİ-yə üzv dövlətlərə yönəldilir və Azərbaycan qazı ilə artıq Aİ-nin on ölkəsi təchiz olunur. Cənub Qaz Dəhlizi artıq təkcə enerji layihəsi deyil, həm də Bakı ilə Brüssel arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi üçün mühüm alətə çevrilir. "Yaşıl" enerji: yeni inkişaf nöqtəsi Qaz sahəsində əməkdaşlıqla paralel olaraq yeni istiqamət - "yaşıl" elektrik enerjisinin ixracı da formalaşır. Almaniya-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azerbaijan) Qara dənizin dibi ilə yüksək gərginlikli elektrik kabelinin çəkilməsi layihəsinə dəstəyi və "Siemens Energy" şirkətinin "Green Corridor Alliance JV" ilə əməkdaşlıqda iştirakı göstərir ki, Almaniya yalnız karbohidrogen resurslarına deyil, həm də gələcəkdə Azərbaycandan bərpa olunan enerji təchizatlarına maraq göstərir. Bu, Avropanın iqlim siyasəti baxımından xüsusilə böük önəm daşıyır. Almaniya üçün belə layihələrdə iştirak "yaşıl" elektrik enerjisi mənbələrinin şaxələndirilməsi imkanı yaradır, Azərbaycan üçün isə külək və günəş enerjisi istehsalı sahəsində sürətlə artan potensialını ixrac məhsuluna çevirmək şansı verir. Orta Dəhliz: iqtisadi və geosiyasi məntiq Energetika bu gün Azərbaycana Avropa üçün strateji əhəmiyyət qazandırırsa, Orta Dəhliz sabah onun Avropa-Asiya ticarətindəki rolunu müəyyənləşdirə bilər. Almaniyanın bu marşruta marağı getdikcə daha konkret xarakter alır. Baş ofisi Almaniyada yerləşən beynəlxalq logistika qrupu "Rhenus Logistics" dəhliz çərçivəsində terminalların və yükaşırma əməliyyatlarının idarə olunması üçün öz proqram təminatını hazırlayır. Bu isə siyasi bəyanatlardan Almaniya biznesinin praktik iştirakına keçidin göstəricisidir. Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin "Global Gateway" təşəbbüsü çərçivəsində 200 milyon avroyadək qrant ayrılması və əlavə olaraq 2 milyard avroyadək investisiyanın cəlb olunması imkanına dair bəyanatı göstərir ki, Avropa İttifaqı Cənubi Qafqazın nəqliyyat əlaqəliliyini uzunmüddətli strategiyasının mühüm hissəsi kimi qiymətləndirir. Bakı Limanının və Naxçıvan vasitəsilə dəmir yolu əlaqəsinin inkişafı kimi mümkün layihələr Azərbaycanın tranzit qovşağı kimi əhəmiyyətini birbaşa artırır. Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Orta Dəhlizin mövcud nəqliyyat marşrutlarının məhdud imkanları fonunda Almaniya iqtisadiyyatı üçün maraq doğurduğunu bildirməsi də xüsusi əhəmiyyət kəsb edir. Əslində söhbət qlobal geoiqtisadi rəqabət şəraitində Mərkəzi Asiya, Çin və Cənub-Qərbi Asiya bazarlarına çıxış üçün alternativ marşrutların axtarışından gedir. "Biz hər ikimiz yalnız Mərkəzi Asiya ilə deyil, həm də Uzaq Şərq, Cənub-Qərbi Asiya və Çinlə iqtisadi və ticarət əlaqələrinin inkişafında maraqlıyıq. Eyni zamanda, mövcud nəqliyyat marşrutlarının və onların imkanlarının nə qədər məhdud olduğunu da yaxşı bilirik. Bu baxımdan Orta Dəhliz Almaniya iqtisadiyyatı üçün də maraqlı perspektivdir. Cənubi Qafqaz siyasi baxımdan son dövrlərdə olduğu kimi daha sabit inkişaf etdikcə, bu perspektiv daha da cəlbedici olacaq", - Almaniya Prezidenti Frank-Valter Ştaynmayer 2025-ci il aprelin 2-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatla çıxışı zamanı deyib. Nəqliyyat diplomatiyası və əməkdaşlığın institusionallaşması 2026-cı ilin mayında Leypsiqdə keçirilən Beynəlxalq Nəqliyyat Forumunun Zirvə toplantısına Azərbaycanın sədrlik etməsi bu strategiyanın mühüm elementinə çevrilib. "Yaşıl" nəqliyyat, rəqəmsal logistika və dayanıqlılıq mövzularının təşviqi Bakıya özünü təkcə tranzit ərazisi kimi deyil, həm də yeni nəqliyyat standartlarının formalaşdırılmasında iştirak edən tərəf kimi təqdim etməyə imkan verib. Dənizçilərin sertifikatlarının qarşılıqlı tanınmasına dair imzalanmış memorandum, eləcə də avtomobil və hava daşımaları sahəsində əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr Azərbaycan ilə Almaniya arasında nəqliyyat əməkdaşlığının tədricən institusional xarakter aldığını nümayiş etdirir. Siyasi kontekst: Azərbaycan Avropa İttifaqının Cənubi Qafqazda mühüm tərəfdaşı kimi İqtisadi dinamika siyasi təmasların nəzərəçarpacaq dərəcədə intensivləşməsi ilə müşayiət olunur. İlin əvvəlindən etibarən Bakıya Avropa Şurasının Prezidenti Antonio Koşta, Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas, Slovakiya Prezidenti Peter Pelleqrini, həmçinin Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen səfər ediblər. Prezident İlham Əliyevin Avropa Komissiyası ilə münasibətlərdə görünməmiş dinamikanın müşahidə olunduğuna dair bəyanatı daha geniş tendensiyanı əks etdirir: Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Ticarətimizin 40 faizdən çoxu üzv dövlətlərlə aparılır və Azərbaycan Avropa İttifaqı üçün Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır. Cənubi Qafqazda ticarətin təxminən 70 faizi Azərbaycanla aparılır. Ursula fon der Lyayenin vurğuladığı kimi, regionun strateji əhəmiyyətinin artması Bakı ilə əməkdaşlıqda Almaniyanın da Avropanın əsas iştirakçılarından biri kimi rolunu gücləndirir. Ştutqartda "Azərbaycan Evi"nin və Azərbaycan dilli bazar günü məktəbinin açılması isə sadəcə mədəni təşəbbüsdən daha geniş məna daşıyır. Davamlı humanitar və ictimai əlaqələrin formalaşdırılması iqtisadi və siyasi tərəfdaşlıq üçün uzunmüddətli sosial zəmin yaradır. Müasir Azərbaycan-Almaniya münasibətləri keyfiyyətcə yeni transformasiya mərhələsini yaşayır. Neft ticarətdə hələ də əsas yer tutsa da, qaz müqavilələri, bərpa olunan enerji layihələri, nəqliyyat bağlantıları və rəqəmsal logistika getdikcə daha mühüm rol oynamağa başlayır. Almaniya üçün Azərbaycan eyni zamanda şaxələndirilmiş enerji resurslarının mənbəyi, Avropanın "yaşıl" gündəliyinin iştirakçısı və Orta Dəhlizin əsas həlqəsinə çevrilir. Azərbaycan üçün isə Almaniya yalnız ixrac bazarı deyil, həm də potensial investor, texnoloji tərəfdaş və daha geniş Avropa infrastruktur layihələrinə çıxış üçün mühüm tərəfdaşdır. Əsas nəticə ondan ibarətdir ki, iki ölkə arasında əməkdaşlıq tədricən əsasən xammala söykənən modeldən enerji, nəqliyyat, rəqəmsal infrastruktur və "yaşıl" texnologiyaların bir-birini qarşılıqlı olaraq gücləndirdiyi çoxsəviyyəli strateji tərəfdaşlığa transformasiya olunur. Məhz bu qarşılıqlı bağlılıq Avropa kontekstində Azərbaycan-Almaniya münasibətlərinin yeni arxitekturasını formalaşdırır. Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Şərh verin