"Nissan" 168 mindən çox avtomobili geri çağırdı - Səbəb

Yaponiyanın avtomobil istehsalçısı "Nissan Motor" ABŞ bazarında 168 mindən çox avtomobili geri çağırmaq qərarı verib. Milli.Az xəbər verir ki, geri çağırılmaya səbəb avtomobillərin sertifikat etiketlərində oxa düşən maksimal icazə verilən yük göstəricisinin səhv qeyd edilməsidir. Bu isə sürücülərin avtomobili bilmədən normadan artıq yükləməsinə və nəticədə texniki problemlərin yaranmasına səbəb ola bilər. Qərar müəyyən sayda "Nissan Armada", "Infiniti QX56" və "Infiniti QX80" yolsuzluq avtomobillərini əhatə edir. Şirkət bildirib ki, problemin aradan qaldırılması üçün rəsmi dilerlər avtomobillərdəki etiketləri müştərilərdən heç bir ödəniş tələb etmədən yeniləyəcəklər. Bundan əlavə, avtomobil sahiblərinə düzgün məlumatları əks etdirən yeni stikerlər poçt vasitəsilə də göndəriləcək. Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)