"Arzum" hansı şərtlərlə həbsxanadan buraxıldı?
Xəbər verdiyimiz kimi , yol-nəqliyyat hadisəsinə görə məhkum edilərək həbs olunan bloger İlduzə Hacıyeva ("Arzum9999") apellyasiya məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılıb. Milli.Az xəbər verir ki, məhkəmə müdafiə tərəfinin həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatətini təmin edib. Qərar qəbul edilərkən İlduzə Hacıyevanın dörd övladının olması, onlardan birinin isə ağır autizm xəstəsi olması əsas amillərdən biri kimi nəzərə alınıb. Qərara əsasən, blogerin ev dustaqlığında olduğu müddətdə sosial şəbəkələrdən istifadə etməsi qadağan olunub. O, yalnız telefon vasitəsilə ailə üzvləri ilə əlaqə saxlaya biləcək. Bununla yanaşı, müdafiə tərəfinin cinayət işinin yenidən araşdırılması ilə bağlı vəsatəti də təmin edilib. Apellyasiya instansiyasında iş məhkəmə istintaqı qaydasında yenidən araşdırılacaq və vəkillər əlavə sübutlar təqdim etmək imkanı əldə edəcəklər. Xatırladaq ki, İlduzə Hacıyeva Bakı şəhərinin Xəzər rayonunda baş vermiş ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi və hadisə yerini tərk etmə ittihamları üzrə təqsirli bilinərək 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilmiş və məhkəmə zalında həbs olunmuşdu. Hadisə 2025-ci ilin iyun ayında Mərdəkan qəsəbəsində baş verib. Qəza nəticəsində bir nəfər həyatını itirib, daha bir nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hazırda iş üzrə apellyasiya baxışı davam edir. Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Şərh verin