Türkiyəli 5 məşhur ifadəyə çağırıldı
Türkiyədə Ahbap Dərnəyi ilə bağlı aparılan istintaq davam edir. Milli.Az xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğunun araşdırması çərçivəsində jurnalistlər Fatih Portakal və Ece Üner, musiqiçi Gökhan Özoğuz, vəkil Feyza Altun və aparıcı Öykü Serter ifadə verməyə çağırılıb. Hələlik bu şəxslərin hansı statusda dindiriləcəyi və istintaqdakı rolları barədə rəsmi açıqlama verilməyib. Bildirilir ki, onların ifadələri araşdırmanın gedişi çərçivəsində alınacaq. İstintaq "cinayət təşkilatı yaratmaq", "ağır dələduzluq" və "cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması" iddiaları üzrə aparılır. Maliyyə araşdırmaları zamanı iri həcmli pul köçürmələri, şübhəli maliyyə əməliyyatları və əmlakların qısa müddətdə bir neçə dəfə əl dəyişdirməsi ilə bağlı faktların müəyyən edildiyi iddia olunur. Araşdırma çərçivəsində Ahbap Dərnəyinin qurucusu, müğənni Haluk Levent də daxil olmaqla ümumilikdə 27 nəfər həbs edilib. Bundan əlavə, dərnəyin və bəzi şübhəlilərin aktivlərinə həbs qoyulub. Qeyd edək ki, bundan əvvəl aparıcı Oğuzhan Uğur da daxil olmaqla bir sıra tanınmış şəxslər barəsində məhkəmə qərarları verilmişdi. İstintaq davam edir. Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Şərh verin