Sumqayıtda özəl tibb müəssisəsində yoxlama: Həkim sənədsiz fəaliyyət göstərib

Sumqayıtda fəaliyyət göstərən bir özəl tibb müəssisəsi sertifikasiyası olmayan həkimi işə cəlb etdiyi üçün cərimə olunub. Həmin həkim barəsində də müvafiq tədbirlər görülüb. Milli.Az xəbər verir ki, söhbət şəhərdə yerləşən "Cahangir-2020 Lor Center" MMC-dən gedir. Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Tibbi Nəzarət Şöbəsi klinikada plandankənar yoxlama aparıb. Yoxlama zamanı həkim Nurlan Bəylərovun sertifikasiya sənədi olmadan tibbi fəaliyyət göstərməsinə şərait yaradıldığı müəyyən edilib. Klinika rəhbərliyi isə açıqlamasında qeyd edib ki, müəssisədə çalışan həkimlər toplu şəkildə sertifikasiya prosesinə göndərilib. Onların sözlərinə görə, Nurlan Bəylərov ali tibb təhsilini 2021-ci ildə başa vurub, diplomunu isə 2022-ci ildə alıb. Qaydalara əsasən, həkimlər hər beş ildən bir sertifikasiyadan keçməlidirlər. Səhiyyə Nazirliyi isə açıqlayıb ki, Nurlan Bəylərovun sertifikasiya müddəti hələ çatmayıb və onun bu prosesdə iştirakı yalnız 2027-ci ildə nəzərdə tutulur. Klinika yaranmış vəziyyətin anlaşılmazlıqdan qaynaqlandığını bildirib. Eyni zamanda qeyd olunub ki, baş verən hadisədən sonra adıçəkilən həkim işdən uzaqlaşdırılıb. Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)