Argentina futbolunda 300 milyonluq qalmaqal — FTB hərəkətə keçdi
ABŞ Federal Təhqiqat Bürosu (FTB) və federal prokurorlar Argentina Futbol Assosiasiyasının (AFA) maliyyə əməliyyatları ilə bağlı genişmiqyaslı araşdırmaya başlayıblar. İstintaqın əsas məqsədi qurumun kommersiya müqavilələri çərçivəsində yüz milyonlarla dolların Amerika bank sistemi vasitəsilə necə hərəkət etdiyini müəyyənləşdirməkdir. “Qafqazinfo” xəbər verir ki, Argentina mətbuatının yaydığı məlumata görə, dünya çempionatının finalından sonra Argentina milli komandasını daşıyan təyyarə Nyu-Yorkdakı Con Kennedi Beynəlxalq Hava Limanında FTB agentləri tərəfindən saxlanılıb. Bildirilir ki, bu zaman AFA prezidenti Klaudio Tapia və qurumun xəzinədarı Pablo Toviqqino saxlanılaraq, barələrində araşdırma aparılıb, onların telefonları və digər elektron cihazları müsadirə edilib. İstintaq çərçivəsində Klaudio Tapia və Pablo Toviqqino ilə yanaşı, iş adamları Dieqo Lusero və Xavyer Faroninin də adları hallanır. Onların saxtakarlıq və vəsaitlərin mənimsənilməsi ilə bağlı şübhələr fonunda diqqət mərkəzinə düşdüyü qeyd olunur. Argentina mediasında yer alan məlumatlara görə, müstəntiqlər xüsusilə son təyinat məntəqəsi aydın olmayan iriməbləğli maliyyə köçürmələrini araşdırırlar. ABŞ hüquq-mühafizə orqanlarının ümumilikdə 300 milyon dollardan çox maliyyə əməliyyatını yoxladığı bildirilir. Məlumata görə, Florida ştatında qeydiyyatdan keçmiş “TourProdEnter LLC” şirkəti Argentina Futbol Assosiasiyasının beynəlxalq kommersiya müqavilələrinin idarə olunması üçün eksklüziv tərəfdaş kimi fəaliyyət göstərib. Sponsorluq müqavilələri, yoldaşlıq oyunları və digər kommersiya fəaliyyətlərindən əldə olunan gəlirlərin əhəmiyyətli hissəsinin məhz bu şirkət vasitəsilə dövriyyəyə buraxıldığı iddia olunur. Araşdırma materiallarında Asiya, Avropa və Körfəz ölkələri ilə bağlanmış müqavilələrdən əldə edilən təxminən 14 milyon dolların qısa müddət ərzində bir neçə bank hesabı arasında köçürüldüyü qeyd edilir. Argentina Futbol Assosiasiyası isə bütün ittihamları qətiyyətlə rədd edib. Qurumun yaydığı açıqlamada Klaudio Tapia və Pablo Toviqqinonun ABŞ məhkəmələri tərəfindən ifadə verməyə çağırılması barədə məlumatların həqiqəti əks etdirmədiyi vurğulanıb. Bildirilib ki, Florida ştatının Cənub Dairəsi Məhkəməsinin göndərdiyi sənəd assosiasiya rəhbərliyinə deyil, üçüncü tərəfə ünvanlanıb. Qurum həmçinin Tapia və Toviqqinonun telefonlarının və digər elektron cihazlarının müsadirə edilməsi ilə bağlı xəbərləri də təkzib edib. Assosiasiya hesab edir ki, mediada yayılan bəzi məlumatlar həqiqəti təhrif edir və həm qurumun, həm də onun rəhbərliyinin nüfuzuna xələl gətirir. ABŞ tərəfi isə araşdırmanın detalları ilə bağlı hələlik rəsmi açıqlama verməyib.

Şərh verin