Başına 25 milyon qoyulmuşdu, indi taleyi də dəyişib, masası da... — Fotolar

Tutulmasına kömək edəcək məlumat üçün ABŞ tərəfindən 25 milyon dollar mükafat vəd edilən Venesuelanın daxili işlər naziri Diosdado Kabello indi Vaşinqtonun əməkdaşlıq etdiyi əsas fiqurlardan birinə çevrilib. “Qafqazinfo” xəbər verir ki, uzun illər ABŞ-nin ən çox axtardığı şəxslər sırasında olan Kabello narkotik qaçaqmalçılığı, korrupsiya və insan haqlarının pozulması ilə bağlı ciddi ittihamlarla üzləşib. Lakin Venesuelada hakimiyyət dəyişikliyindən sonra onun ABŞ ilə münasibətləri kəskin şəkildə dəyişib. ABŞ Dövlət Departamenti Kabellonun tutulmasına və ya məhkum edilməsinə səbəb olacaq məlumat üçün 25 milyon dollar mükafat təyin etmişdi. ABŞ prokurorları onu Venesueladan tonlarla kokain daşınmasını təşkil edən şəbəkənin üzvlərindən biri olmaqda ittiham edirdi. İttihamlara görə, Kabello 5,5 ton kokainin ölkədən çıxarılmasında əsas fiqurlardan biri olub. ABŞ Maliyyə Nazirliyi də onu korrupsiya iddiaları ilə sanksiya siyahısına daxil edib. Birləşmiş Millətlər Təşkilatı isə Kabellonu Venesueladakı repressiv dövlət aparatının əsas simalarından biri kimi qiymətləndirib. Bundan əlavə, Çili hökuməti Kabellonu 2024-cü ildə Santyaqoda yaşayan Venesuela müxalifətçisinə qarşı sui-qəsdin sifarişində ittiham edib. ABŞ-nin Venesuela siyasətindəki dəyişikliklər Kabellonun taleyinə də təsir edib. Yanvar ayında Donald Tramp administrasiyasının Venesuelaya hərbi müdaxiləsindən sonra Prezident Nikolas Maduro hakimiyyətdən uzaqlaşdırılıb və ölkədə ABŞ-nin dəstəklədiyi yeni siyasi quruluş formalaşıb. Vaşinqton demokratiya tərəfdarı müxalifətlə yanaşı, Maduro dövründə dövlət strukturlarında fəaliyyət göstərmiş bəzi yüksəkvəzifəli şəxslərlə də işləmək qərarı verib. Bu çərçivədə Kabello daxili işlər naziri vəzifəsini qoruyub saxlayıb. Venesuelada baş verən güclü zəlzələlərdən sonra Vaşinqton və Karakas arasında humanitar əməkdaşlıq artıb. Bu proses zamanı ABŞ diplomatları və hərbi rəsmilərinin Kabello ilə görüşləri böyük diqqət çəkib. Yayılmış görüntülərdə ABŞ səfirliyinin yüksəkvəzifəli diplomatı Con Barrettin Kabello ilə səmimi şəkildə görüşdüyü, ABŞ generallarının isə onunla danışıqlar apardığı müşahidə olunub. Bu görüntülər ABŞ siyasətindəki dəyişikliklə bağlı müzakirələri daha da artırıb. ABŞ rəsmiləri Kabello ilə əməkdaşlıq etsələr də, onunla bağlı mövqelərinin dəyişmədiyini bildirirlər. ABŞ Dövlət katibi Marko Rubio Kabello məsələsində Vaşinqtonun siyasətinin dəyişmədiyini açıqlayıb. Dövlət Departamenti isə Venesuelada humanitar yardım əməliyyatlarının həyata keçirilməsi üçün müvəqqəti hökumətlə əməkdaşlıq etdiyini bildirib. Kabello illər ərzində ABŞ əleyhinə sərt çıxışları ilə tanınıb. Lakin son dövrdə onun siyasi üslubunda ciddi dəyişiklik müşahidə olunur. Ona yaxın mənbələr bildirirlər ki, Kabellonun əsas məqsədi ABŞ üçün “əvəzolunmaz tərəfdaş” mövqeyinə gəlmək və siyasi təsirini qorumaqdır. Əvvəllər Vaşinqtonu sərt tənqid edən və hərbi görüntüsü ilə seçilən Kabello indi daha çox diplomatik üslub nümayiş etdirir. Onun təhlükəsizlik qüvvələri, ordu və hökumətyönlü qruplar üzərində təsir imkanları ABŞ tərəfindən Venesuelada sabitliyin qorunması baxımından mühüm faktor kimi qiymətləndirilir. Lakin ona qarşı ittihamların hələ də qüvvədə qalması Kabellonun gələcəyini qeyri-müəyyən edir.