Eldar Əzizov Şərqi Avropa haqqında

22 İyul - Milli Mətbuat və Jurnalistika Günü münasibətilə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov “ bakibaku.az ” saytının kollektivi ilə görüş keçirib. “Qafqazinfo” xəbər verir ki, görüş zamanı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı sayt kollektivinin ictimai əhəmiyyətli hadisələrin işıqlandırılmasında qazandığı mühüm nailiyyətləri yüksək qiymətləndirərək bildirib ki, banisi görkəmli jurnalist Nəsir İmanquliyev olan bir media orqanının bir hissəsi olmaq böyük şərəf və eyni zamanda böyük məsuliyyətdir. Eldar Əzizov xatırladıb ki, bu il görkəmli jurnalist Nəsir İmanquliyevin anadan olmasının 115 illiyi qeyd edilir. O vurğulayıb ki, əsası qoyulmasından artıq 70 ilə yaxın vaxt keçən “Bakı” qəzeti öz dövründə Azərbaycan mətbuatının inkişafında mühüm rol oynayıb. Çıxışı zamanı Eldar Əzizov qeyd edib ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkədə demokratiyanın ən vacib prinsiplərindən biri olan söz azadlığı tam şəkildə təmin olunub. Hazırda ölkənin media məkanında çoxsaylı xəbər saytları və çap nəşrləri sərbəst fəaliyyət göstərir, hakimiyyətlə cəmiyyət arasında dialoq daha da dərinləşir. Bu baxımdan Prezidentin media nümayəndələri ilə keçirdiyi ənənəvi görüşlər xüsusi əhəmiyyət daşıyır. Həmin görüşlərdə dövlət başçısı görülən işlərin nəticələri ilə yanaşı, ölkənin gələcək inkişaf perspektivləri barədə də ətraflı məlumat verir. Eldar Əzizov qeyd edib ki, belə bir siyasi ənənə əvvəllər mövcud olmayıb. Bu kursun əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. “Tarixçi kimi deyə bilərəm ki, postsovet məkanında, eləcə də Şərqi Avropa ölkələri və daha geniş coğrafiyada öz dövlətinin maraqlarını bu qədər uğurla müdafiə edən və dünyada baş verən mürəkkəb proseslər fonunda ölkəsinin davamlı inkişafını təmin edən başqa bir lider görmürəm”, – deyə paytaxtın icra başçısı bildirib. Eldar Əzizovun sözlərinə görə, təhlükəsizlik, sabitlik, abadlıq və hər sahədə nizam-intizam artıq Azərbaycanın vizit kartına çevrilib və məhz bu amillər ölkəyə gələn turistlərin sayının ildən-ilə artmasına səbəb olur. O vurğulayıb ki, Azərbaycan beynəlxalq aləmdə getdikcə daha çox uğurla inkişaf edən və nüfuzlu dövlət kimi qəbul edilir. “Bütün bunlara və daha bir çox uğurlara görə cənab Prezidentə minnətdarlığımızı bildirir, ona təşəkkür edirik”, – deyə Eldar Əzizov çıxışını yekunlaşdırıb.