İrəvan Dövlət Azərbaycan Dram Teatrına direktor təyin olundu

C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrına yeni direktor təyinatı olub. “Qafqazinfo” xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Hacıbaba İsmayıl oğlu Məmmədov teatrın direktoru təyin edilib. Qeyd edək ki, Hacıbaba Məmmədov 1 iyun 1964-cü ildə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Xanağa kəndində anadan olub. O, 1989-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyoru fakültəsini bitirib.Əmək fəaliyyətinə müxtəlif teatr və mədəniyyət müəssisələrində başlayan Hacıbaba Məmmədov 1989–2000-ci illərdə “YUĞ” Teatrında, 2000–2002-ci illərdə Dövlət Pantomim Teatrında aktyor kimi çalışıb. Daha sonra “Qanun” MMC-də, Bakı Uşaq Teatrında və Akademik Milli Dram Teatrında müxtəlif rəhbər vəzifələrdə fəaliyyət göstərib. O, bu təyinata qədər Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktor müavini vəzifəsində çalışıb. Hacıbaba Məmmədov 2019-cu ildə Azərbaycan teatr sənətinin inkişafındakı xidmətlərinə görə Prezident İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.