“Bizi oradan çıxardılar...” — Narazı rəssamlara rəsmi cavab
Azərbaycan Rəssamlar İttifaqının Gəncə Bölməsi yerləşdiyi Urban Mərkəzindən çıxarılıb. Bu barədə “Qafqazinfo”ya Gəncə bölməsinin rəhbəri, əməkdar mədəniyyət işçisi Natiq Əhmədzadə məlumat verib. O bildirib ki, bir neçə gün öncə onları mərkəzdən çıxarıblar: “Mərkəz Gəncə Dövlət Filarmoniyasının balansındadır. Deyildi ki, rəhbərlik bizim oradan çıxmağımızı istəyir, başqa nəsə yaradacaqlar. Səbəbi dəqiq bilmirik. Elektrik enerjisindən istifadə etdiyimizi dedilər. Amma biz orada elə də böyük məbləğdə elektrik enerjisi sərf etmirdik. Hətta elektrik enerjisinin ödənişini də öz üzərimizə götürdük. Amma yenə də çıxardılar. Mərkəzi hörümçək toru basmışdı, biz oranı təmizlədik. Təxminən 34 rəssam və heykəltaraşın əsərləri var idi, indi hamsı əsərlərini evə aparıb”. Məlumatda bildirilib ki, məsələdən Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov da xəbərdadır. Gəncə bölməsi üçün yeni yer axtarılır. Şikayətlə bağlı Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasına sorğu ünvanladıq. Qurumdan deyildi ki, filarmoniyanın Urban Mərkəzi yaradıldığı gündən etibarən şəhərin fəal mədəni platformalarından biri kimi fəaliyyət göstərir: “Bu məkanda mütəmadi olaraq konsert proqramları, kitab təqdimatları, rəsm və foto sərgiləri, yaradıcı görüşlər, müzakirələr və digər mədəni tədbirlər təşkil edilir. Urban Mərkəzinin əsas məqsədi sənət adamları ilə tamaşaçı arasında canlı ünsiyyət mühiti yaratmaq, müxtəlif yaradıcı təşəbbüslərin həyata keçirilməsinə şərait formalaşdırmaqdır. Bu əməkdaşlıq çərçivəsində Novruz bayramı ərəfəsində Gəncə rəssamlarının əsərlərindən ibarət sərgiyə də Urban Mərkəzində yer ayrılıb. Sərginin ilkin razılaşdırılmış müddəti başa çatdıqdan sonra isə ekspozisiya təxminən dörd ay ərzində nümayiş etdirilməyə davam edib. Bu müddət ərzində sərginin təşkilatçılarına dəfələrlə məlumat verilib, Urban Mərkəzinin digər mədəni layihələr və tədbirlər üçün də nəzərdə tutulduğu, gələcək sərgilər üzrə əməkdaşlığın davam etdirilməsində maraqlı olduğumuz diqqətə çatdırılıb. Eyni zamanda, nümayiş müddəti başa çatmış əsərlərin müəlliflərin emalatxanalarına və ya müvafiq saxlanma məkanlarına qaytarılması təklif eddilib”. Filarmoniyadan verilən məlumatda qeyd edilib ki, sərgi eksponatlarının uzun müddət ictimai məkanda saxlanılması yalnız məkanın istifadəsini məhdudlaşdırmır, həm də onların təhlükəsizliyi və mühafizəsi ilə bağlı əlavə məsuliyyət yaradır: “Urban Mərkəzində müxtəlif tədbirlərin keçirilməsi, ziyarətçi axını və binanın gündəlik fəaliyyəti nəzərə alındıqda, nümayiş müddəti başa çatmış əsərlərin saxlanılması məqsədəuyğun hesab edilmir. Bununla yanaşı, yaxın vaxtlarda Urban Mərkəzində yerləşən tarixi və yüksək bədii dəyərə malik monumental divar rəsminin (freskanın) mühafizəsi və bərpası ilə bağlı, mütəxəssis və ekspert rəylərinə əsaslanan təmir-bərpa işlərinə başlanılması planlaşdırılır. Bu səbəbdən Urban Mərkəzi müəyyən müddət ərzində istifadəyə qapalı olacaq”. Lamiyə Məmmədova Yunis Quliyev

Şərh verin