""Arzum" gecələr yatmır, təcili yardım çağırdıq"

Xəbər verdiyimiz kimi, 20 gün əvvəl həbs edilən tiktoker İlduzə Hacıyeva (Arzum) ev dustaqlığına buraxılıb. Axşam.az-ın məlumatına görə, ona sosial şəbəkəyə girmək, telefondan istifadə etmək qadağası qoyulub. Tiktokerin köməkçisi sosial şəbəkədə canlı yayımda onun durumunu açıqlayıb. O bildirib ki, "Arzum" gecələr yata bilmir: "Bütün günü düz baxır. Deyir, beynim sönmür, yata bilmirəm. Təcili yardım çağırdıq, iynə vurdular. Ondan sonra bir az yatıb". Qeyd edək ki, hadisə ötən ilin iyununda Mərdəkan qəsəbəsində baş verib. Gecə yarısı "Changan" markalı avtomobili idarə edən Arzum sola dönmə manevri edərkən arxadan gələn "Mercedes"lə yandan toqquşub. Nəticədə "Mercedes" idarəetmədən çıxaraq maneəyə çırpılıb və bir neçə dəfə aşıb. Qəza nəticəsində avtomobilin sürücüsü- 29 yaşlı Amal Məlikov hadisə yerində ölüb, həyat yoldaşı Sənubər Muradova isə ağır xəsarət alıb. Açılan cinayət işinə əsasən, İ.Hacıyeva 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. Hökm elan edildikdən dərhal sonra o, məhkəmə zalında həbs olunaraq cəzasını çəkmək üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinə göndərilib. Bu gün isə apellyasiya məhkəməsi keçirilib və tiktoker ev dustaqlığına buraxılıb. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)