Xoşbəxtliyin 5 əsas sirri açıqlandı
Təxminən 100 min insanın iştirak etdiyi araşdırmada cəmiyyətlərin xoşbəxtliyinə təsir edən beş əsas amil müəyyənləşdirilib. Alimlərə görə, xoşbəxt cəmiyyət yalnız xoşbəxt fərdlərin cəmindən ibarət deyil. “Qafqazinfo” xəbər verir ki, yeni araşdırma cəmiyyətlərin xoşbəxtliyinin yalnız fərdlərin şəxsi rifahından deyil, insanların bir-birini dəstəkləməsinə şərait yaradan sosial mühitdən də asılı olduğunu göstərib. “The Journal of Positive Psychology”də dərc olunan tədqiqatda 66 ölkədən 97 220 nəfərin məlumatları təhlil edilib. Alimlər 200-dən çox sosial və psixoloji dəyişəni araşdıraraq onların həm fərdi, həm də cəmiyyət səviyyəsində xoşbəxtliyə təsirini müqayisə ediblər. Tədqiqatın müəllifi, Polşa Elmlər Akademiyasının Psixologiya İnstitutunun Makropsixologiya Laboratoriyasının tədqiqatçısı Eva Palikot bildirib ki, əvvəlki araşdırmalar, əsasən, fərdləri nəyin xoşbəxt etdiyinə fokuslanıb. Yeni araşdırma isə bütöv cəmiyyətlərin rifahına təsir edən amilləri müəyyənləşdirməyə çalışıb. Alimlərin təhlili xoşbəxtliklə əhəmiyyətli əlaqəsi olan 56 mexanizmi müəyyənləşdirib. Bu mexanizmlər beş əsas kateqoriyada qruplaşdırılıb. Xoşbəxt cəmiyyətin 5 əsas amili 1. Fərdi azadlıq və bərabərlik Bərabər hüquqların, gender bərabərliyinin və immiqrantlar kimi azlıq qruplarının qəbul edilməsinin dəstəklənməsi cəmiyyətin ümumi xoşbəxtliyinə müsbət təsir göstərir. Araşdırmaya görə, bərabərlik uğrunda mübarizə aparan insanların özləri mütləq daha xoşbəxt olmaya bilər. Lakin inklüziv və bərabərhüquqlu cəmiyyətdə yaşamaq insanların orta xoşbəxtlik səviyyəsini yüksəldə bilər. 2. Maarifçilik dəyərləri və güclü institutlar Elm, insan hüquqları, demokratik iştirak, rasional düşüncə və tənqidi yanaşmaya dəyər verən cəmiyyətlərdə həm fərdi, həm də ictimai rifahın daha yüksək olduğu müəyyənləşdirilib. 3. Əsas ehtiyacların ödənilməsi Qida, yaşayış yeri və səhiyyə xidmətlərinə çıxış kimi fundamental ehtiyacların təmin olunması insanların şəxsi xoşbəxtliyinə əhəmiyyətli dərəcədə təsir edir. Lakin alimlər bunun cəmiyyətin ümumi xoşbəxtliyini artırmaq üçün təkbaşına kifayət etmədiyini vurğulayırlar. 4. Güvənilən institutlar və təhlükəsizlik Polis, məhkəmə sistemi və banklar kimi institutlara etibar insanların özlərini daha təhlükəsiz hiss etməsinə və fərdi xoşbəxtliklərinin artmasına səbəb olur. İnsanlar yaşadıqları sistemin düzgün işlədiyinə inandıqda gələcəyə daha çox güvənirlər. 5. Yaxın icma ilə əlaqələr Araşdırmanın ən maraqlı nəticələrindən biri qonşular və yerli icma ilə güclü münasibətlərin fərdi və cəmiyyət səviyyəsində fərqli təsirlər göstərməsidir. Tədqiqatçı Eva Palikotun sözlərinə görə, qonşuları ilə güclü əlaqələri olan insanlar fərdi olaraq daha xoşbəxtdirlər. Lakin yaxın icmaya bağlılığın çox güclü olduğu ölkələrdə orta xoşbəxtlik səviyyəsi daha aşağı ola bilər. Alimlər bunun səbəbini insanların yalnız öz ailə və icmalarına güvənməyə başlaması ilə əlaqələndirirlər. Belə vəziyyət digər qruplara qarşı qərəz və ayrı-seçkiliyin yaranmasına, nəticədə isə cəmiyyətdə ümumi etimadın zəifləməsinə səbəb ola bilər. Araşdırmanın əsas nəticəsi ondan ibarətdir ki, başqalarının rifahına fayda verən sosial mühit yaradan amillər cəmiyyətlərin xoşbəxtliyində fərdi xoşbəxtliyə yönəlmiş amillərdən daha böyük rol oynaya bilər. Bununla belə, tədqiqatçılar nəticələrin səbəb-nəticə əlaqəsini sübut etmədiyini bildirirlər. Araşdırma müşahidə xarakteri daşıdığından, müəyyən mədəni və sosial dəyərlərin uzunmüddətli perspektivdə cəmiyyətlərin xoşbəxtliyini artırıb-artırmadığını dəqiq müəyyənləşdirmək üçün daha uzunmüddətli tədqiqatlara ehtiyac var.

Şərh verin