28 yaşlı azərbaycanlı alim “Tekstil sənayesinin Nobeli”ni qazandı — Fotolar
Gənc Azərbaycanlıların dünya səhnələrində uğur hekayələri həmişə ölkəmizi sevindirib. Bu cür halların xüsusən elm və təhsil sahəsində, dünyada baş verən yeniliklər əsasında olması diqqət mərkəzində olub. Öz bilik və bacarıqları, elmləri sayəsində son texnologiyalara öz töhfələrini verən həmvətənlərimizin sayı çox deyil. Onlardan biri də İngiltərədə yaşayan Yusif Eyyubovdur (Iusiph Eiubovi). Böyük Britaniyada tanınan gənc alim Elm və təhsilə özünü həsr edən Y.Eyyubov (Iusiph Eiubovi) gənc yaşlarında alimlik dərəcəsi almağı bacarıb və Böyük Britaniyada hibrid süni intellekt üzrə aparıcı alimlərindən biri kimi tanınır. 28 yaşlı azərbaycanlı Avropanın və dünyanın qabaqcıl ölkələrindən olan Böyük Britaniyada elm və texnika sahəsində iz qoymağı bacarıb. Şirkət digər maliyyə mənbələri və mükafatlarla yanaşı, təkcə Böyük Britaniya hökumətindən səhmsiz (non-dilutive) olaraq 1 milyon dollardan çox qarşılıqsız qrant dəstəyi əldə edib və dünyanın aparıcı sənaye giqantları ilə əməkdaşlıq edir. Elə onun həmtəsisçisi olduğu Böyük Britaniyanın sənaye süni intellekti şirkəti “EntroMetrix” qısa müddətdə beynəlxalq arenada uğurlar qazanıb. “Qafqazinfo” xəbər verir ki, şirkət milyonlarla dollar maliyyə dəstəyi əldə edib, nüfuzlu beynəlxalq mükafatlara layiq görülüb və dünyanın aparıcı sənaye şirkətləri ilə əməkdaşlıq edir. Elmi əsaslar və təhsil Dr. Yusif Eyyubov “EntroMetrix”in fizika qanunlarına əsaslanan süni intellekt texnologiyasının yaradıcılarından biridir. O, süni intellekti mühəndislik, fizika və termodinamika ilə birləşdirən qabaqcıl hibrid modellər hazırlayıb. Təhsilini “Kembric Universiteti” (University of Cambridge) nüvə enerjisi mühəndisliyi və “İmperial Kollec Londonda” (Imperial College London) kimya mühəndisliyi sahələrində bitirərək termodinamika və molekulyar modelləşdirmə sahəsi üzrə doktorluq (PhD) dərəcəsini müdafiə edib. Bundan sonra isə o, alim Mohammed Ali ilə birlikdə böyük uğura imza atıblar. “Kembric Universiteti” və “İmperial Kollec London”un mühəndisləri – Dr. Mohammed Ali və Dr. Yusif Eyyubov “EntroMetrix”i yaradıblar. “Kembric” Universitetinin professoru və araşdırmalar üzrə direktoru Professor Steve Evans isə şirkətin elmi məsləhətçisi olub. Neft-qaz sənayesi ilə əməkdaşlıq və mükafat Yusif Eyyubov dünyanın ən iri neft və qaz şirkətləri üçün qabaqcıl süni intellekt və termodinamik modellər hazırlayıb. Onun peşəkar fəaliyyəti “Shell” və “Oman”ın qlobal milli enerji şirkəti “Oman Oil Company” (yeni adı ilə “OQ”) ilə əməkdaşlığı əhatə edir. “EntroMetrix” tekstil sənayesində ağır emal prosesləri üçün hazırladığı inqilabi texnologiyaya görə “H&M Foundation Global Change Award 2026” mükafatını qazanıb. Bu mükafat tekstil sənayesində innovasiya, texnologiya və davamlılıq sahəsində dünyanın ən nüfuzlu mükafatlarından biri hesab olunur və tez-tez “Tekstil dünyasının Nobel mükafatı” adlandırılır. Dr. Yusif Eyyubov bu nüfuzlu mükafatı qazanan ilk azərbaycanlıdır. Texnologiyanın sənayedəki tətbiqi Qeyd edək ki, “EntroMetrix”in hibrid süni intellekt texnologiyasi kimya sənayesi, ağır sənaye, iri emal və proses müəssisələrinə mövcud zavod və avadanlıq infrastrukturunu dəyişmədən məhsuldarlığı əhəmiyyətli dərəcədə artırmağa imkan verir. Şirkətin təklif etdiyi bu universal yanaşma sənaye giqantlarına artıq sahib olduqları aktivlərdən maksimum səmərə əldə etməyə şərait yaradır ki, bu da uzun illər ərzində demək olar ki, mümkün hesab olunmurdu. Şirkət sənaye müəssisələrində səmərəliliyi 25 faizə qədər artırmaq potensialını nümayiş etdirib. Bu isə qlobal sənaye miqyasında ümumilikdə milyardlarla dollar qənaət deməkdir. “EntroMetrix”in hazırladığı modellər ənənəvi sənaye konsaltinqi və rəqəmsal transformasiya layihələri ilə müqayisədə nəticələri daha qısa müddətdə təqdim edir. Halbuki bu cür proqramlar adətən illərlə davam edir, milyonlarla dollar xərc tələb edir və yalnız bundan sonra real nəticə verir. “EntroMetrix” Böyük Britaniya, İsveç, Niderland, Hindistan, Oman və Yaxın Şərqdə beynəlxalq tanınma qazanıb, istehsalçılar, investorlar, hökumətlər və qlobal innovasiya liderləri qarşısında təqdimatlarla çıxış edib. Gələcək perspektivlər Güclü dövlət dəstəyi, beynəlxalq tanınma, kommersiya marağı və sənayedə sübut olunmuş nəticələr sayəsində “EntroMetrix” yeni nəsil istehsal texnologiyaları sahəsində gələcəyin qlobal liderlərindən biri kimi mövqeyini möhkəmləndirir. Şirkət Böyük Britaniyanın ən perspektivli sənaye texnologiyaları şirkətlərindən biri kimi formalaşır və gələcəkdə Avropanın ən böyük və ən mühüm sənaye süni intellekt şirkətlərindən birinə çevrilmək potensialına malikdir. Hazırda isə o, Böyük Britaniya hökumətinin süni intellekt üzrə ekspert kimi seçdiyi mütəxəssis olaraq fəaliyyət göstərir və dünyanın aparıcı istehsal müəssisələri ilə əməkdaşlıq edir və sənayenin rəqəmsal transformasiyası istiqamətində layihələrə rəhbərlik edir. Onu da qeyd edək ki, Dr. Yusif Eyyubov bundan əvvəl “Shell”, “Ferrari” və “Schlumberger” kimi qlobal şirkətlərlə də çalışıb. EntroMetrix” həmçinin “Procter & Gamble” (P&G) kimi qlobal korporasiyaların diqqət mərkəzindədir və və bu cür giqantların dəstəyi ilə irəliləyir.

Şərh verin