Taha Akgül Firdovsi Umudovun qonağı oldu — Qonaqpərvərliyə görə Azərbaycana təşəkkür etdi

Türkiyənin güləş əfsanəsi Taha Akgül Bakıya səfər edib. “Qafqazinfo” xəbər verir ki, o, paytaxtımızda Azərbaycan güləşinin tanınmış siması, Əməkdar bədən tərbiyəsi və idman xadimi, “Şöhrət” ordenli məşqçi Firdovsi Umudovla görüşüb. F.Umudov T.Akgülə hədiyyə təqdim edib. T.Akgül bununla bağlı instaqram hesabında paylaşımında bildirib: “Azərbaycanın güləş millisinin uzun illər baş məşqçisi olmuş, çoxlu çempion yetişdirmiş Firdovsi Umudov bizi evində qonaq etdi və bu gözəl hədiyyəni təqdim etdi. Qonaqpərvərliyə görə Azərbaycana təşəkkür edirəm”. Firdovsi Umudov da görüşlə bağlı açıqlama verib. O, ölkəmizdə keçirilən güləş üzrə U-17 dünya çempionatından danışıb: “Hazırda ölkəmizdə mötəbər güləş turniri keçirilir. Bu turnir Azərbaycana olan etimad sayəsində ölkəmizə verilib. Bütün bunlar Prezident İlham Əliyevin idmana olan qayğısının nəticəsidir. Ölkə başçısının idmançılara verdiyi dəyər, daim göstərdiyi qayğı hər zaman uğurlarımızın açarı olub. Bu gün də Prezident İlham Əliyevin idmana ayırdığı xüsusi diqqət sayəsində böyük turnirlər ölkəmizə həvalə olunur. Dünya güləşinin əfsanələri də paytaxtımız Bakıya gəlir, ölkəmizin necə inkişaf etdiyinə, xüsusi qonaqpərvərliyimizə şahid olur”. Qeyd edək ki, Firdovsi Umudov həmçinin Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti, “Sərhədçi” İdman Mərkəzinin idman bölməsinin rəisi, Azərbaycan Güləş Federasiyasının (AGF) Etika və İntizam komitəsinin üzvüdür.