Masazırda 30 sot torpaq qalmaqalı: Eyni ərazi iki nəfərə satılıb?
Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən, ailəsinə məxsus 30 sot torpaq sahəsi qanunsuz şəkildə başqa şəxsə satılıb. Milli.Az xəbər verir ki, bu barədə vətəndaş İbad Adıgözəlov iddia edir ki, torpaq 2006-cı ildə Masazır bələdiyyəsindən rəsmi qaydada və dövlət rüsumu ödənilməklə alınıb. Lakin sonradan əraziyə baxış zamanı hasarın söküldüyünü və sahədə tikinti işlərinin aparıldığını görüblər. İ.Adıgözəlov bildirib ki, torpaqla bağlı sənədlər, o cümlədən arxiv materialları onların mülkiyyət hüququnu təsdiqləyir. O iddia edir ki, Elşən adlı makler həmin ərazinin ona məxsus olduğunu bildirərək bələdiyyədən aldığını deyib. Vətəndaşın sözlərinə görə, torpaq sonradan hissələrə bölünərək başqa şəxslərə də satılıb və o, məsələnin araşdırılmasını tələb edir. Digər tərəf Elşən Nəbiyev isə ittihamları qəbul etmir. O, torpaq sahəsinə dair çıxarışının olduğunu və ərazinin vaxtilə hərrac yolu ilə satıldığını bildirir. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, faktla bağlı polis tərəfindən araşdırma aparılır. Nəticədən asılı olaraq qanunvericiliyə uyğun tədbirlər görüləcək. Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)

Şərh verin