Ukraynadan İrana: Hücum qəsdən edilməyib

İranın xarici işlər naziri Abbas Əraqçi ukraynalı həmkarı Andrey Sibiqa ilə telefon danışığının məzmunu barədə məlumat verib. Milli.Az xəbər verir ki, Əraqçinin sözlərinə görə, Ukrayna tərəfi İran ticarət gəmisinə edilən hücumun qəsdən həyata keçirilmədiyini bildirib və Kiyevin bölgədə gərginliyin artmasını istəmədiyini vurğulayıb. İranlı nazir qeyd edib ki, Tehran da vəziyyətin daha da gərginləşməsinin tərəfdarı deyil. O, söhbət zamanı İran vətəndaşlarına və ölkənin maraqlarına qarşı istənilən hücumun qəbuledilməz olduğunu Ukrayna tərəfinin diqqətinə çatdırdığını bildirib. Əraqçi əlavə edib ki, baş vermiş insident nəticəsində dəyən bütün zərərin ödənilməsi vacibdir. Xatırladaq ki, iyulun 25-də Xəzər dənizində İranın ticarət gəmisi hücuma məruz qalıb. İran Xarici İşlər Nazirliyi hadisəyə görə Ukraynanı məsul hesab etdiyini və hücum zamanı bir dənizçinin öldüyünü açıqlayıb. Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)