Son 42 ildə ilk dəfə vətəndaşlarının sayı 120 milyondan aşağı endi

2025-ci ildə Yaponiya vətəndaşlarının sayı əvvəlki illə müqayisədə 917 min nəfər azalaraq 119 milyon 736 min 483 nəfər təşkil edib. “Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, bu, müvafiq rəsmi statistikanın aparılmağa başlandığı 1968-ci ildən sonra ölkə vətəndaşlarının sayının ən böyük illik azalmasıdır. Bununla da, Yaponiya vətəndaşlarının sayı son 42 ildə ilk dəfə olaraq 120 milyon səviyyəsindən aşağı düşüb. Yaponiyanın Daxili İşlər və Kommunikasiyalar Nazirliyinin məlumatına görə, ötən il ərzində ölkədə təxminən 670 min nəfər doğulub, ölənlərin sayı isə təqribən 1,6 milyon nəfər təşkil edib. Yaponiyada yaşayış icazəsinə malik xarici vətəndaşların sayında isə artım müşahidə olunur. Belə ki, son ildə onların sayı 354 min nəfər artaraq 4 milyon 31 min 159 nəfərə çatıb. Beləliklə, xarici vətəndaşlar da daxil olmaqla, Yaponiyanın ümumi əhalisinin sayı 123 milyon 767 min 642 nəfər təşkil edib. Əhalinin azalması cəmiyyətin qocalması və doğum nisbətinin aşağı düşməsi ilə əlaqələndirilir.