Türkiyədə meşə yanğınları davam edir - Minə yaxın insan təxliyə olundu - (Video)

Türkiyənin Muğla vilayətinin Seydikemer rayonunda başlayan irimiqyaslı meşə yanğını ilə mübarizə fasiləsiz davam edir. Milli.Az xəbər verir ki, yerli KİV-in məlumatına görə, iyulun 30-u səhər saatlarınadək alovu tam nəzarət altına almaq mümkün olmayıb. Yanğının söndürülməsi üçün bütün imkanlar səfərbər edilib. Təhlükəsizlik məqsədilə yanğın zonasındakı 408 evdən ümumilikdə 703 sakin təxliyə olunub. Bundan başqa, yerli dövlət xəstəxanasında müalicə alan 45 xəstə də təhlükəsiz əraziyə köçürülüb. Muğla valiliyinin məlumatına əsasən, alov nəticəsində altı bölgədə 55 tikiliyə ziyan dəyib, bəzi binalar isə tamamilə yanıb. Yanğının söndürülməsi işlərinə 25 hava vasitəsi, 410 yerüstü texnika və 1100 nəfər canlı qüvvə cəlb olunub. İndiyədək insan tələfatı barədə məlumat verilməyib. Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)