40 yaşlı Dzekonun "Şalke"dəki taleyi bəlli oldu

"Şalke" Bosniya və Herseqovina millisinin kapitanı Edin Dzeko ilə yeni müqavilə imzalayıb. Milli.Az xəbər verir ki, Qelzenkirhen təmsilçisi 40 yaşlı hücumçunun sözləşməsinin müddətini daha bir mövsüm artıraraq onu 2027-ci ilin yayına qədər komandada saxlayıb. Edin Dzeko ötən qış "Fiorentina"dan azad agent kimi "Şalke"yə qoşulmuşdu. Təcrübəli futbolçu Almaniya klubunun heyətində keçirdiyi 11 qarşılaşmada 6 qola imza atıb, həmçinin 3 məhsuldar ötürmə ilə yadda qalıb. Bosniya və Herseqovina millisinin heyətində DÇ-2026-da dörd oyunda meydana çıxan Edin Dzeko turnirdə bir məhsuldar ötürmə müəllifi olub. Həmin assist qrup mərhələsində Qətər üzərində 3:1 hesablı qələbə qazanılan görüşdə qeydə alınıb. O, milli komandanın heyətində ümumilikdə 151 oyunda 73 qol vurub. Qeyd edək ki, ötən mövsüm "Şalke" 2-ci Bundesliqanın qalibi olaraq üç illik fasilədən sonra yenidən Almaniyanın yüksək liqasına vəsiqə qazanıb. Qelzenkirhen klubu yeni mövsümə avqustun 24-də Almaniya Kubokunda "Halleşer"ə qarşı keçiriləcək səfər oyunu ilə start verəcək. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)