Şəkidə ağır qəza — 3 nəfər öldü + Yenilənib

Şəkidə ağır yol-nəqliyyat hadisəsi baş verib. “Qafqazinfo”nun məlumatına görə, hadisə rayon ərazisində olub. Belə ki, “KİA” və “VAZ-2107” markalı avtomobillər toqquşub. Nəticədə 3 nəfər hadisə yerində ölüb. DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır. *** Fövqəladə Hallar Nazirliyi hadisə ilə bağlı məlumat yayıb. Bildirilib ki, FHN-nin “112” qaynar telefon xəttinə Şəki rayonu, Aşağı Küngüt  kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub: “Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Şəki şəhər Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib. Bildirilib ki, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “KİA”, “VAZ-2107” və “VAZ-2106” markalı minik avtomobillərinin iştirakı ilə yol-qəza hadisəsinin baş verdiyi və deformasiyaya uğramış nəqliyyat vasitələrində sıxılı vəziyyətdə qalanların olduğu müəyyən olunub. Yanğınsöndürən-xilasedicilər  xüsusi vasitələrin köməyi ilə "VAZ 2107" markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 1992-ci il təvəllüdlü Rəsullu Turan Kamal oğlunun, 1981-ci il təvəllüdlü Mehtiyeva Pərvanə Kamal qızının və Mehtiyeva Yeganə Kamal qızının meyitlərini avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Yanğınsöndürənlər tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb. Bundan əlavə, yol-qəza hadisəsi nəticəsində “KİA” markalı minik avtomobilinin sürücüsü 1977-ci il təvəllüdlü Abbasov Ədalət Kamal oğlu və sərnişini 1982-ci il təvəllüdlü Həsənova Nuranə Əfsər qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır”. *** Hadisə ilə bağlı TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, 21.10.2025-ci il tarixində saat 18:30 radələrində Şəki Rayon Mərkəzi Xəstəxanasınn Təcili tibbi yardım şöbəsinə 2 nəfər (1 kişi, 1 qadın) hospitalizasiya olunub. Müxtəlif bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müvafiq şöbələrdə müalicəsi davam etdirilir. 1 nəfərin vəziyyəti ağır, digərinin isə orta ağır qiymətləndirilir. Mübariz Muradov