“Müəllimin qarşısına problem qoyuruq - işə qəbul üçün pul ödəməlisən”

“Müəllim daha çox iş axtarmalıdır, ya dövlət öz təhsilini inkişaf etdirmək üçün yaxşı müəllim axtarmalıdır? Biz yaxşı müəllimi axtarmaq üçün onun qarşısına problem qoyuruq - işə qəbul üçün pul ödəməlisən”. “Qafqazinfo” xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin bu gün keçirilən plenar iclasında “Ümumi təhsil haqqında” qanun layihəsinin müzakirəsi zamanı danışıb. “Burada nə qədər vəsait qənaət olunur ki?! Bir müəllim bir dəfə qəbul olub, alınmayıbsa, ikinci dəfə yenə cəhd edir və vəsait ödəməlidir. Müəllimlər ən az təminatı olan kateqoriyaya aid insanlar olurlar. Çünki bu sahədə müəyyən repetitor fəaliyyəti ilə məşğul olanlar istisna olmaqla, digərlərinin gəlir səviyyəsi elə də yüksək olmur. Bu, bütün dövrlərdə belə olub. Biz o qənaəti niyə müəllim üzərindən etməliyik? Yaxşı olar ki, müzakirə olunanda onların bu vəsaitdən azad olunması məsələsi qoyulsun. Ən azından biz o xərci azaldaq ki, yaxşı müəllimi stimullaşdıraq, məktəbdə dərs deməyə müəllim həvəslə qoşula bilsin. Əgər bu qanun belə qəbul olacaqsa, heç olmasa, onun kateqoriyasını genişləndirməliyik. Məsələn, burada qeyd olunur ki, müharibə veteranlarına şamil olunmur. Birinci Qarabağ müharibəsindən danışsaq, artıq 60 yaşı var. Son Qarabağ savaşında isə o yaralanıb, müəllim işləyə bilmir və yaxud səhhəti imkan vermir. Heç olmasa, bunu onun övladına, ailəsinə şamil etmək lazımdır. Yaxud da təqaüdçülərin övladına bu imkanı yaratmaq lazımdır”, - deyə deputat qeyd edib. *** Deputat Vüqar Bayramov bildirib : “Hazırda ümumtəhsil müəssisələrində çalışan müəllimlərin sayı 146 mindən çoxdur. 74 mindən çox müəllim şəhərdə, 68 mindən çoxu isə kəndlərdə fəaliyyət göstərir. Müəllimlərin 120-dən çoxu qadın, cəmi 25 mindən bir az çoxu kişidir. Bu isə ondan xəbər verir ki, təhsil sektorunda gender yanaşmanın nəzərə alınması və bu istiqamətdə təşviqin gücləndirilməsinə ehtiyac var”. “Araşdırmalar göstərir ki, əsas səbəblərdən biri təhsil sferasında orta aylıq əməkhaqqının respublika üzrə orta aylıq əməkhaqqıdan nisbətən aşağı olması ilə bağlıdır. Nəzərə alsaq ki, inkişaf etmiş ölkələrdə, qardaş Türkiyədə təhsil sferasında orta aylıq əməkhaqqı digər sektorlarla müqayisədə, eləcə də ölkə üzrə orta aylıq əməkhaqqı ilə müqayisədə daha yüksəkdir. Sertifikasiya nəticəsində qiymətləndirmə orta aylıq əməkhaqqıya təsir göstərir. Gözlənilir ki, növbəti dövrlərdə orta aylıq əməkhaqqıda artımlar müşahidə olunacaq. Sertifikasiyanın da təkmilləşdirilməsi məqsədəuyğun olardı. Hazırda tətbiq olunan qaydalara əsasən, 51 və daha çox bal toplamış müəllimlərin əməkhaqlarında 35 faiz artım qeydə alınır. Eləcə də 30 və 51 arası bal toplamış müəllimlərin əməkhaqlarında isə 10 faiz artım qeydə alınır. O deməkdir ki, 60 baldan 50 bal toplamış müəllimin əməkhaqqısı cəmi 10 faiz artır. 50 bal 84 faizə yaxın nəticə deməkdir. Beynəlxalq sistemlər gsötərir ki, 80 faizdən yüksək bal yığmaq A kateqoriyasıdır. Bu baxımdan daha yüksək əməkhaqqı artımına şamil edilməlidir. 80 faizdən yuxarı bal toplayan müəllimlərin əməkhaqlarının 35 faiz artırılması məqsədəuyğun olardı. Bununla yanaşı, təklif edirəm ki, güzəştli kateqoriyaya keçmiş məcburi köçkünlər əlavə edilsin. Belə ki, keçmiş məcburi köçkünlər də yenidən imtahana daxil olan zaman rüsum ödəməkdən azad olunsunlar”, - deyə deputat əlavə edib. Qeyd edək ki, qanun layihəsinə əsasən, müəllimlərin işə qəbulu üzrə keçirilən imtahan ödənişli olacaq. Nuranə Daxilqızı