“Yaxın günlərdə repititorlarla bağlı təkliflərlə çıxış edəcəyik”
“Müəllimlərin əməkhaqqısı dərs saatına deyil, iş saatına uyğun müəyyənləşdiriləcək”. “Qafqazinfo” xəbər verir ki, bu haqda elm və təhsil nazirinin müavini İdris İsayev Milli Məclisin bu gün keçirilən plenar iclasında “Ümumi təhsil haqqında” qanun layihəsinin müzakirəsi zamanı danışıb. “Repititorlarla bağlı bir sıra fikirlər səsləndirildi. Biz bu barədə də təkliflərimizi formalaşdırmışıq və yaxın günlərdə bununla bağlı təkliflərlə çıxış edəcəyik. Təhsil müəssisələrimizin optimallaşdırılması, müəllimlərimizin əməkhaqqı yükünün onların dərs saatlarına deyil, iş saatlarına uyğun olaraq müəyyən edilməsi kimi təkliflər, eyni zamanda repetitorlarla bağlı məsələyə də öz təsirini göstərəcək. Bu məsələni nə dərəcədə həll edə biləcəyik, indidən söyləməkdə çətinlik çəkirəm. Amma hesab edirəm ki, buna təsir edəcək məsələlərdən biridir”, - nazir müavini bildirib. Məlumat üçün bildirək ki, deputat Ceyhun Məmmədov bundan əvvəl repititorluqla bağlı məsələ qaldırıb və bildirib ki, hətta sertifikasiyaya müraciət edən müəllimlər belə başqa müəllim yanına hazırlığa gedir. Nuranə Daxilqızı

Şərh verin