m10 və “Binance” Azərbaycanda birbaşa kripto-fiat əməliyyatlarını davam etdirir

Azərbaycanın aparıcı fintex platforması m10 və dünyanın ticarət həcminə görə ən böyük kriptovalyuta birjası “Binance”, birgə mətbuata açıqlamasında strateji tərəfdaşlıqlarını davam etdirdiklərini elan ediblər. Azərbaycanın Mərkəzi Bankının (AMB) xüsusi tənzimləmə rejimi (sandbox) çərçivəsində həyata keçirilən m10-“Binance” inteqrasiyasının uğurlu nəticələrinə əsaslanaraq, tərəfdaşlıq ölkənin milli valyutası Azərbaycan manatı (AZN) ilə birbaşa və rəsmi kripto-fiat əməliyyatlarını təklif edir. Yenilənmiş inteqrasiya istifadəçilərə m10 və “Binance” hesabları arasında manatla birbaşa depozit və çıxarış əməliyyatları aparmağa imkan verir. Bu sistem tam şəffaf, təhlükəsiz olması və vasitəçilərin aradan qaldırılması ilə üstünlük təşkil edir. m10-nun təqdim etdiyi xidmət AMB-nın sandbox rejimində sınaqdan keçirilən ilk fintex platforması kimi həm rəsmi statusa, həm də yüksək təhlükəsizlik standartlarına malikdir. Bütün əməliyyatlar bank infrastrukturu üzərindən həyata keçirilir. Sınaq mərhələsi çərçivəsində aylıq depozit limiti 20,000 ABŞ dolları və ya ekvivalent məbləğlə məhdudlaşdırılıb; bu limit hər ayın ilk günü sıfırlanır. Çıxarışlara isə məhdudiyyət qoyulmur. Depozit haqqı 1%, çıxarış haqqı isə 1.5% təşkil edir. “m10 Azərbaycanın fintex sektorunun formalaşmasında mühüm rol oynamaqda davam edir və bizim üçün rəqəmsal maliyyə sahəsində innovasiyaların və tənzimləmənin standartlarının tətbiqində əməkdaşlığın möhkəmləndirilməsi vacibdir”, — deyə “PashaPay” şirkətinin biznes üzrə sahə rəhbəri Hamidə Hacıquluzadə bildirib. “Azərbaycan Mərkəzi Bankının sandbox rejimi çərçivəsində həyata keçirilən “Binance” ilə strateji tərəfdaşlığımızın ilk mərhələsi uğurla başa çatıb və indi növbəti mərhələyə keçib - sandbox müddəti daha altı ay uzadılıb. Məqsədimiz istifadəçilər üçün kripto-fiat əməliyyatlarına rahat, təhlükəsiz və tənzimlənən çıxış imkanı yaratmaqdır. Bu kimi layihələr Azərbaycanın fintex ekosistemini gücləndirir, onun qlobal inteqrasiyasına töhfə verir və uzunmüddətli strateji tərəfdaşlığa niyyətimizi göstərir”. “m10 ilə tərəfdaşlıq Azərbaycanın kripto ekosisteminin inkişafında mühüm mərhələdir. Bu, istifadəçilərə milli valyutadan rəqəmsal iqtisadiyyatda rəsmi və təhlükəsiz şəkildə istifadə imkanı yaradır. Azərbaycan regionun ən dinamik bazarlarından biridir və burada blokçeyn texnologiyasına maraq sürətlə artır. Bu fiat kanalı kripto əməliyyatlarını daha rahat və şəffaf edir, eyni zamanda rəqəmsal aktivlərə ümumi etimadı gücləndirir. Layihə “Binance”ın yerli infrastrukturun inkişafına və dünyanın müxtəlif bölgələrində tərəfdaşlarla sıx əməkdaşlığa sadiqliyini əks etdirir”,- deyə “Binance”-ən Mərkəzi və Şərqi Avropa, Mərkəzi Asiya və Afrika üzrə regional rəhbəri Kirilo Xomyakov bildirib. Yeni funksiyadan istifadə etmək üçün istifadəçilər “Binance” tətbiqinə və ya vebsaytına daxil olduqdan sonra Depozit bölməsinə keçid edib, AZN (m10) seçərək, m10 hesabından vəsait köçürə bilərlər. Vəsait çıxarmaq üçün Withdraw (Çıxarış) bölməsini açmaq, m10 hesab məlumatlarını daxil etmək və əməliyyatı tamamlamaq kifayətdir. Ətraflı məlumat üçün: https://m10.az m10 haqqında m10, Azərbaycanın aparıcı fintex şirkətlərindən biri olan “PashaPay” tərəfindən hazırlanmış rəqəmsal cüzdandır və “Bir ekosistem”inin fintex həllidir. 2022-ci ildən istifadəyə verilmiş m10 fərdlər və bizneslər üçün maliyyə əməliyyatlarını sadələşdirməyi, vəsaitlərin idarə edilməsini və ödənişlərin həyata keçirilməsini təhlükəsiz və rahat şəkildə təmin etməyi hədəfləyir. Daha ətraflı məlumat üçün: https://m10.az/en “Binance” haqqında “Binance” - dünyanın ən böyük kriptovalyuta birjasının və geniş blokçeyn ekosisteminin arxasında duran aparıcı qlobal şirkətdir. 290 milyondan çox istifadəçi və 100-dən çox ölkədə fəaliyyət göstərən “Binance” yüksək səviyyəli təhlükəsizlik, şəffaflıq, ticarət mühərrikinin sürəti, investorların qorunması və rəqəmsal aktiv məhsullarının zəngin portfeli ilə tanınır. “Binance”, kriptonu əsas vasitə kimi istifadə edərək, insanların maliyyə azadlığını və maliyyə xidmətlərinə çıxışını artırmaq məqsədilə inklüziv kripto ekosistemi qurmağa sadiqdir. Ətraflı məlumat üçün: https://www.binance.com