Art Weekend çərçivəsində Şirvanşahlar sarayında "Şeh. Olmayan səhər" adlı sərgi açılacaq - VİDEO
31 oktyabr - 2 noyabr tarixlərində Bakıda "Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy" ("Fly to Baku. Art Weekend. Sense the Future NOW") adlı möhtəşəm incəsənət festivalı keçiriləcək. Festival incəsənəti, mədəniyyəti və ekologiyanı bir araya gətirəcək. Milli.Az Trend -ə istinadən xəbər verir ki, layihə Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə gerçəkləşdirilir. Layihənin müəllifi və təşəbbüskarı Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyevadır. Bu immersiv layihə Bakını müasir yaradıcılıq, dialoq və kəşflərin canlı səhnəsinə çevirəcək. Festivalda xüsusi diqqət okeanlar və dənizlərdəki ekoloji vəziyyətə incəsənət dili vasitəsilə yönəldiləcək. Festivalın əsas mövzusu həyatın, yenilənmənin və dayanıqlı inkişafın rəmzi olan sudur. Su - davamlılığın, yenilənmənin və ümumi yaddaşın simvolu kimi "Art Weekend"in əsas elementi seçilib. Tədbirlərdən biri Bakının qədim hissəsi olan İçərişəhərdə, Şirvanşahlar Sarayında keçiriləcək. Burada rəssam Vüsalə Ağarazıyevanın müəllif sərgisi - "Şeh. Olmayan səhər" ("The Morning That Never Was") nümayiş etdiriləcək. Sərginin kuratoru Nigar Rzayevadır. Şərq fəlsəfəsində şeh - indiki zamanı təbii şəkildə, hər hansı təzyiqsiz gəlişinin rəmzidir. O, yaranır, sonra yox olur və yenidən yaranır. Tez-tez ilahi nəfəsin təcəssümü kimi qəbul edilir. Mənbə özünü birbaşa göstərməsə də, varlığını hiss etdirir, eləcə də şeh yalnız kifayət qədər erkən oyananlara görünür. Şeh həm sözün həqiqi, həm də məcazi mənasında oyanışı ifadə edir. Bu fəlsəfədən ilham alan rəssamın sərgisi, şehi gecənin izi, gecə ilə gündüz, yaddaşla varlıq arasındakı keçid kimi araşdırır. Su burada ilkin başlanğıcın, hərəkətin və əksin metaforasıdır. "Şeh. Olmayan səhər" adı bir qədər natamamlıq saxlayır, çünki şeh elə səhərin hələ tam açılmadığı, dünyanın bu günün necə olacağına hələ qərar vermədiyi vaxt gəlir. Layihə birbaşa ekologiyaya həsr olunmasa da, onunla dərin bağlılığı var - diqqət və qayğı vəziyyəti kimi. Burada incəsənət dünyaya qarşı həssas iştirak forması kimi çıxış edir. Dünyayla təmas mənimlə başqası, yuxu ilə ayıqlıq, var olmaqla yox olmaq arasındakı incə anı görmək və hiss etmək bacarığı vasitəsilə baş verir," - deyə Vüsalə Ağarazıyeva qeyd edib. Milli.Az

Şərh verin