Deputatdan cərimələrin qaldırılmasına reaksiya
Parlamentdə Cinayət Məcəlləsinə təklif olunan dəyişikliklər müzakirə olunub. “Qafqazinfo” xəbər verir ki, məsələ ilə bağlı deputat Vüqar Bayramov çıxış edib. “Təklif olunur ki, cinayət predmeti dəyərinin 50 faizindən 70 faizinədək miqdarında cərimə olunur. Mövcud mətndə 4 mindən 8 min manatadək miqdarı kimi qeyd olunur. Daha məqsədəuyğun olardı ki, minimum məbləğdə qeyd olunsun, məsələn, 4 min manatdan az olmamaqla 50 faizindən 70 faizinədək miqdarındakı kimi. Bu, rəqabətin məhdudlaşdırılması ilə bağlıdır. Həmin maddədə üfüqi və şaquli sazişlərlə yanaşı, kartel sövdələşmələrin də ayrıca qeyd edilməsi məqsədəuyğun olardı. Doğrudur, kartel sövdələşmələri də milli təsnifatda üfüqi sazişlər kimi qiymətləndirilir. Amma əksər aparıcı dövlətlərdə bu, ayrıca olaraq qeyd olunur. Eləcə də, rəqabəti məhdudlaşdıran digər anlaşmaların da ayrıca qeyd olunmasını təklif edərdim”, - parlamentari deyib. Deputat qeyd edib ki, “xeyli miqdar” dedikdə 200 min manatdan 500 min manatadək olan məbləğ nəzərdə tutulur: “Hazırkı mətndə bu, 10 min manatdan 50 min manatadək olan məbləğ kimi nəzərdə tutulub. “Külli miqdar” mövcud mətndə 50 min manatdan yuxarı, təklif olunan redaksiyada isə 500 min manatdan yuxarı olan məbləğ kimi qeyd olunur. Göründüyü kimi, rəqəmlərdə ciddi dəyişiklik var. Bu rəqəmlərdə müntəzəm dəyişiklik olmaması üçün onun xüsusi meyarla əlaqələndirilməsi məqsədəuyğun olardı. Məsələn, minimum əməkhaqqının müəyyən misli kimi qeyd oluna bilər. Doğrudur, uyğunlaşdırma meyarına yanaşma birmənalı deyil. Amma nəzərə almaq lazımdır ki, hazırda bir sıra göstəricilər minimum əməkhaqqıya bağlıdır, məsələn, sosial haqların məbləği və s. Minimum əməkhaqqı ilə bağlılıq ona görə mümkündür ki, bu əməkhaqqı məbləği Prezidentin sərəncamı ilə müəyyənləşir və deməli, bağlılıq üçün tam hüquqi əsas formalaşır”. Nuranə Daxilqızı

Şərh verin