Ekspeditorun hüquqi statusu müəyyən edilir

Azərbaycanda ekspeditorun hüquqi statusu müəyyən edilir. “Qafqazinfo” xəbər verir ki, Milli Məclisin bugünkü iclasında yeni “Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında” qanun layihəsi müzakirə edilib. Layihəyə əsasən, nəqliyyat-ekspedisiya müqaviləsində başqa hal nəzərdə tutulmaqdıqda, nəqliyyat-ekspedisiya müqaviləsinin icrası zamanı ekspeditor öz adından və ya müştərilərinin adından üçüncü şəxslərlə müqavilələr bağlamaq hüququna malikdir. Üçüncü şəxslərə münasibətdə ekspeditor bu Qanunun 11.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, öz adından hərəkət edir. Ekspeditorun öz adından bağladığı müqavilələr üzrə hüquq və vəzifələr ekspeditora aiddir. Nəqliyyat-ekspedisiya müqaviləsi ilə nəzərdə tutulan hallarda, eləcə də müqavilədə ekspeditora belə hüquq verilmədikdə müştəri tərəfindən verilən etibarnamə əsasında ekspeditor üçüncü şəxslərlə münasibətlərdə müştərinin adından hərəkət edir. Bu zaman ekspeditor nəqliyyat-ekspedisiya müqaviləsi əsasında müştərinin adından bağladığı bütün müqavilələrin əslini 5 (beş) gün ərzində müştəriyə təqdim etməlidir. Ekspeditor nəqliyyat-ekspedisiya müqaviləsində nəzərdə tutulmuş öhdəliklərinin icrası üçün başqa ekspeditor cəlb etdikdə müştərinin razılığı ilə əlavə nəqliyyat-ekspedisiya müqaviləsi bağlamalıdır. Bu halda digər ekspeditoru cəlb edən ekspeditor nəqliyyat-ekspedisiya müqaviləsinə əsasən müştərinin hüquq və vəzifələrini əldə edir. Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib. Nuranə Daxilqızı