Pikassonun itən 600 minlik əsəri tapıldı
İspaniya polisi Madriddə dahi rəssam Pablo Pikassonun oktyabr ayının əvvəlindən itkin sayılan “Gitara ilə natürmort” rəsmini tapıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə yerli “El Pais” qəzeti məlumat yayıb. Hüquq-mühafizə orqanlarının məlumatına görə, əsər paytaxt ərazisindədir və onu Qranadaya çatdırmalı olan nəqliyyat vasitəsinə yüklənməyib. 1919-cu ildə quaş texnikası ilə çəkilmiş rəsm əsəri təxminən 600 min avro məbləğində sığortalanıb. Onu ötən həftə Qranadada açılan “Natürmort. İnert əbədiyyət” adlı vernisajında (bayram ab-havasında incəsənət sərgisinin açılışı - red.) sərgiləmək planlaşdırılırdı. Əsər digər 56 rəsmlə birlikdə qablaşdırılıb və sentyabrın 25-də göndərilmək üçün hazırlanıb. Yükdaşıma şirkəti əsərləri videomüşahidə altında çatdırıb, lakin qablaşdırmaların tam nömrələnməsi olmadığına görə əməkdaşlar açılmadan əvvəl detallı yoxlama apara bilməyiblər. Oktyabrın 6-da aparılan yoxlama zamanı rəsmlərdən birinin əskik olduğu müəyyən edilib, bundan sonra sərginin təşkilatçısı olan “CajaGranada” fondu polisə müraciət edib. Əsərin yoxa çıxması İnterpolun oğurlanmış və itkin düşmüş incəsənət əsərlərinin beynəlxalq bazasına daxil edilib.

Şərh verin