“Mahir özünü orada xoşbəxt hiss etmir” — Kloze
Azərbaycan millisinin hücumçusu Mahir Emreli Almaniyanın “Kayzerslautern” klubundakı çıxışından narazıdır və transferinə görə peşmanlıq hissi keçirir. “Qafqazinfo” xəbər verir ki, bu barədə Almaniyanın “Club Fokus” portalı məlumat yayıb. Bildirilib ki, 28 yaşlı hücumçu bu yay “Nürnberq”dən azad agent kimi “Kayzerslautern”ə keçmişdi. Lakin Mahir yeni komandasında özünü təsdiqləyə bilməyib – o, cəmi 3 oyunda iştirak edib, qol vurmayıb və 3-cü turdan sonra əsas heyətə daxil edilməyib. Alman mətbuatı yazır ki, futbolçunun klubdakı gələcəyi sual altındadır və qış transfer pəncərəsində ayrılığı istisna edilmir. Emrelinin keçmiş komandası “Nürnberq”ə nostalji hissləri də diqqət çəkib. O, bir müddət əvvəl sabiq klubunun “Boхum” üzərindəki 2:1 hesablı qələbəsini stadiondan izləyib. “Nürnberq”in baş məşqçisi Miroslav Kloze də mətbuat konfransında bu barədə danışıb: “O, burada idi və oyunu tribunadan izləyirdi. Vaxtaşırı əlaqə saxlayırıq. Mahir vəziyyətindən razı deyil və orada özünü xoşbəxt hiss etmir”. Qeyd edək ki, vəziyyət dəyişmədiyi halda “Nürnberq” qışda futbolçunu geri qaytarmaq ehtimalını nəzərdən keçirə bilər. Mahir Emreli ötən mövsüm “Nürnberq”də 11 qol vuraraq komandanın aparıcı hücumçularından biri olub.

Şərh verin