"Mən də məhkəmə qapısı tanıyıram, vəkilim var" - Həmin qalmaqaldan DANIŞDI
Aparıcı Saleh Bağırov Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Canana ilə adı hallanan qalmaqala aydınlıq gətirib. Milli.Az xəbər verir ki, Axşam.az-a açıqlama verən aparıcı bildirib ki, sosial şəbəkədə yazdığı şərh heç bir şəxsə ünvanlanmayıb və ümumi fikir xarakteri daşıyır: "Söz azadlığı olan ölkənin vətəndaşıyıq, istədiyimiz mövzuya fikir bildirə bilərik. Mənim yazdığım şərhdə heç bir şəxsin adı çəkilməyib. Kimsə həmin fikri öz üzərinə götürürsə, bu, mənim məsuliyyətim deyil. Mən heç kimin səhifəsində yazdığım şərhi silməmişəm. Cəmiyyətin üzvü və media nümayəndəsi olaraq ictimai mövzularla bağlı fikirlərimi bildirmək hüququm var və bundan sonra da bildirəcəyəm. İctimai müzakirəyə açıq olan hadisələr barədə fikir bildirmək söz azadlığının bir hissəsidir. Təəssüf doğuran məqam odur ki, ümumi xarakter daşıyan bir fikir bəzi şəxslər tərəfindən özlərinə aid edilərək süni qalmaqala çevrilib. Mən heç kimin reklam kampaniyasının iştirakçısı deyiləm. Bayramla əlaqədar Bakıda deyildim, dünən axşam qayıtmışam. Bu gün işə başlamışam və hər kəsə uğurlar arzulayıram. Axşam isə Əməkdar artist Mətanət İsgəndərlinin konsertinin aparıcısıyam. Azərbaycan qadınını hər zaman şərəfli və şəxsiyyətli görmüşəm. Bizim Həcər, Hökümə, Salatın, Arəstə kimi qəhrəman qadınlarımız olub və onlar cəmiyyətimiz üçün örnəkdir. Biz Azərbaycan qadınını hər zaman şərəfli, qürurlu və ləyaqətli görmüşük. Şəhid analarının timsalında fədakarlığın rəmzi olan Azərbaycan qadını ailəsinin, xalqının və dövlətinin dayağıdır. Biz o xanımlarla qürur duyuruq! Qoy, qızlarımız da onları nümunə götürsünlər". S.Bağırov bildirib ki, illərdir heç bir qalmaqalda adının hallanmasına yol vermir: "İllərdir dövlət tədbirlərində və ictimai layihələrdə aparıcı kimi çalışıram. Heç vaxt kimisə məqsədli şəkildə təhqir etməmişəm və buna ehtiyac da duymuram. Bu mövzu ilə gündəmə gəlmək istəmirəm. Dediyim sözlər cəmiyyətdə tez-tez müzakirə olunan mövzularla bağlı ümumi fikirlərdir. Məni məhkəmə ilə hədələyirlər. Mən də məhkəmə qapısı tanıyıram, vəkilim var. Adımın əsassız şəkildə hallandırılması və nüfuzuma xələl gətirilməsi hallarında məhkəməyə verə bilərəm və bu hüququmu özümdə saxlayıram. Mövzunu süni şəkildə böyütmək istəyənlərə uğurlar arzulayıram. Mən isə öz işimlə məşğul olmağa və fəaliyyətimi peşəkar şəkildə davam etdirməyə üstünlük verirəm". Milli.Az

Şərh verin