Bakıda taksi parkları satışa çıxarılır - Taksiyə maraq niyə azalıb?

Bir vaxtlar gəlirli sahələrdən biri hesab olunan taksi biznesi son illər əvvəlki cəlbediciliyini itirməyə başlayıb. Taksi fəaliyyəti ilə məşğul olan bəzi sürücülər və sahibkarlar sahədən uzaqlaşır, istifadə etdikləri avtomobilləri isə satışa çıxarırlar. Bəs taksi sektorunda baş verən bu dəyişikliklərin səbəbi nədir? Məsələ ilə bağlı Milli.Az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, taksi sahəsinə marağın azalmasının əsas səbəblərindən biri bu fəaliyyət növünün əvvəlki illərlə müqayisədə daha az gəlirli olmasıdır. Onun sözlərinə görə, taksi biznesi ilə məşğul olmaq istəyən sahibkarların xərcləri əhəmiyyətli dərəcədə artıb: "Əvvəllər taksi fəaliyyəti ilə məşğul olan şəxslərin əsas xərcləri avtomobilin alınması və ölkəyə gətirilməsi ilə bağlı idi. Hazırda isə taksi kimi istifadə edilən nəqliyyat vasitələrinə qoyulan tələblər daha sərtləşib. Avtomobillərin yeni, müasir və müəyyən standartlara cavab verməsi tələb olunur. Bu isə sahibkarların xərclərini artırır və sahəyə marağın azalmasına səbəb olur". Ekspert qeyd edib ki, mövcud vəziyyət gələcəkdə taksi çatışmazlığı riskini də artırır: "Xərclərin artması və tələblərin sərtləşməsi nəticəsində bəzi şəxslər taksi biznesindən uzaqlaşırlar. Bu tendensiya davam edərsə, gələcəkdə taksi sayında azalma müşahidə oluna bilər. Nəticədə həm xidmət əlçatanlığı ilə bağlı problemlər yarana, həm də qiymətlərdə artım baş verə bilər". A.Əsədovun fikrincə, sektorda balansın qorunması üçün həm xidmət keyfiyyəti, həm də sahibkarların iqtisadi maraqları nəzərə alınmalıdır. Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı isə Milli.Az-a açıqlamasında bildirib ki, son vaxtlar bəzi taksi avtomobillərinin satışa çıxarılması onların istismar müddəti ilə bağlı tətbiq olunan tələblərlə əlaqədar ola bilər. Ekspertin sözlərinə görə, istismar müddəti çox olan nəqliyyat vasitələri artıq taksi fəaliyyəti üçün yararsız hesab edilir və fərqlənmə nişanı ala bilmir: "İstehsal ili köhnə olan, uzun müddət istismar edilmiş avtomobillər taksi fəaliyyəti üçün nəzərdə tutulan tələblərə cavab vermir. Bu səbəbdən bəzi sürücülər və ya avtomobil sahibləri nəqliyyat vasitələrini yeniləmək məcburiyyətində qalırlar. Nəticədə həmin avtomobillər satışa çıxarılır". E.Muradlı qeyd edib ki, bu vəziyyətə təsir edən digər amillər də mövcuddur: "Bakı şəhərində taksi fəaliyyəti ilə bağlı müəyyən məhdudiyyətlər və tənzimləmələr tətbiq olunur. Bəzi sürücülər hesab edirlər ki, proses onlar üçün əvvəlki qədər əlverişli deyil. Buna görə də taksi fəaliyyətindən uzaqlaşaraq avtomobillərini satışa çıxarmağa üstünlük verirlər. Bu da səbəblərdən biri ola bilər". Ekspert vurğulayıb ki, taksi avtomobillərinin satışa çıxarılmasının əsas səbəblərindən biri məhz köhnə avtomobillərin taksi kimi istifadəsinə qoyulan məhdudiyyətlərdir: "Bu səbəbdən bir çox sürücü fəaliyyətini davam etdirmək üçün avtomobilini yeniləməli olur". Mina Mikayılova Milli.Az