"Atamla münasibətinizi öyrənəndə 8 yaşım var idi"

Türkiyə musiqi aləmində illərdir davam edən müəllif hüquqları mübahisəsi yenidən gündəmə gəlib. Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, mərhum sənətçi Kayahanın qızı Beste Açar ilə tanınmış müğənni Nilüfer arasında yaşanan qarşıdurma yeni mərhələyə keçib. Məlumata görə, Nilüfərin yeni musiqi layihəsi üzərində çalışdığını açıqlamasından sonra Beste Açar sosial şəbəkədə sərt paylaşım edərək diqqət çəkib. O, həm müəllif hüquqları məsələsinə toxunub, həm də illər öncəyə aid bəzi xatirələrini ictimaiyyətlə bölüşüb. Beste Açar atasının yaradıcılığına aid, indiyədək yayımlanmayan əsərlərin qorunması və musiqi ictimaiyyətinə təqdim olunması üçün uzun müddətdir mübarizə apardığını bildirib. O, vaxtilə həmin mahnıların Nilüfər tərəfindən səsləndirilməsini istədiyini, lakin sonradan böyük məyusluq yaşadığını vurğulayıb. Kayahanın qızı paylaşımında müəllif hüquqları ilə bağlı bəzi iradlar səsləndirərək məsələni hüquqi müstəviyə çıxarmaqda qərarlı olduğunu qeyd edib. O, yaxın günlərdə vəkili vasitəsilə rəsmi addımlar atacağını da açıqlayıb: "Atamla aranızdakı münasibəti öyrənəndə 8 yaşım vardı, bu, bizim üçün ilk şok idi. Yalova Termal Otelindəki konsert gününü desəm, yəqin ki, xatırlayarsan. Biz anamla o günü heç vaxt unutmadıq. Atamın həyatına girən iki qadının birləşib onun öz doğma qızına müharibə elan etməsi tam bir rəzalətdir. Bəzi əsərlərin hüquqları qanunsuz yollarla dövriyyəyə buraxılıb. Vəkilim artıq sabah hansı addımları atacağımızı bilir. Susmaq insana ancaq itki gətirir, indi danışmaq zamanıdır. Bundan sonrasını artıq ikiniz düşünün". Sosial şəbəkələrdə geniş müzakirə olunan açıqlamalar Türkiyə şou-biznesində yenidən diqqət mərkəzinə çevrilib. Tərəflər arasında uzun illərdir davam edən gərginliyin necə nəticələnəcəyi isə maraqla gözlənilir. Musa Milli.Az