ATU-da tibb ixtisasları üzrə yeni tədris proqramlarının ilkin müzakirəsi keçirildi — Fotolar
Azərbaycan Tibb Universitetində (ATU) tibb ixtisasları üzrə yeni tədris proqramlarının ilkin müzakirəsi məqsədilə geniş tərkibdə görüş keçirilib. “Qafqazinfo” xəbər verir ki, Elm və Təhsil Nazirliyi tərəfindən ali təhsil proqramlarının hazırlanması məqsədilə yaradılan Komissiyada "Əsas (baza ali) tibb təhsili səviyyəsi və Səhiyyə ixtisasları qrupu" üzrə İşçi Qrupunun həmsədrləri - ATU-nun rektoru, professor Gəray Gəraybəyli və həmsədr Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundovanın rəhbərliyi ilə baş tutan görüşdə komissiya üzvləri, əmək bazarının nümayəndələri, eyni zamanda hər ixtisas üzrə məzun kursların tələbələri iştirak ediblər. Tədbirdə “Ali təhsilin bakalavriat, əsas (baza ali) tibb təhsili, magistratura və rezidentura səviyyələri üzrə ixtisasların təsnifatı”nın təsdiq edilməsinə toxunan rektor Gəray Gəraybəyli ali təhsil proqramları və tədris prosesinin yenilənməsi zərurəti, o cümlədən qlobal müstəvidə baş verən dəyişikliklər və beynəlxalq təcrübə əsasında tədris planlarının təkmilləşdirilməsi, mövcud proqramların müasir əmək bazarının tələblərinə uyğunlaşdırılmasını vacib edən məqamlara aydınlıq gətirib. Qeyd olunub ki, yeni tibb ixtisas proqramlarının tətbiqində əsas məqsəd tələbələrin bacarıqlarının daha da inkişaf etdirilməsi, təhsil keyfiyyətinin yüksəldilməsi, səhiyyə sistemi və əmək bazarının tələblərinə uyğun kadr hazırlığının təşkilidir. Daha sonra görüşdə bakalavr pilləsində Qidalanma və Dietologiya ixtisası üzrə hazırlanan tədris proqramı Komissiya üzvlərinin diqqətinə çatdırılıb. Həmçinin 1 nömrəli Bakı Tibb və 2 nömrəli Bakı Baza Tibb kolleclərinin təqdim etdiyi tədris proqramları ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Görüşdə müzakirələr zamanı səsləndirilən müxtəlif fikir və təkliflərin də nəzərə alınaraq, proqramlara yenidən baxılması və qısa zamanda yekun rəyin verilməsi qərara alınıb.

Şərh verin