ABŞ və İsrail arasında “casusluq qalmaqalı”

ABŞ və İsrail arasında kəşfiyyat sahəsində gərginlik yaşandığına dair iddialar gündəmə gəlib. Məlumata görə, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) İsrailin ABŞ-yə qarşı casusluq fəaliyyətinin artmasından narahatdır. “Qafqazinfo” xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb. Bildirilir ki, adı açıqlanmayan üç keçmiş ABŞ rəsmisi Pentaqon daxilində İsrailin kəşfiyyat fəaliyyəti ilə bağlı narahatlığın artdığını iddia edib. İddialara görə, ABŞ Müdafiə Nazirliyinin Müdafiə Kəşfiyyat İdarəsi (DİA) İsrailə qarşı əks-kəşfiyyat təhdid səviyyəsini ən yüksək – “kritik” səviyyəyə qaldırıb. Bu qərar ABŞ-İsrail-İran xəttində artan gərginlik və Vaşinqtonun təhlükəsizlik qiymətləndirmələri çərçivəsində qəbul edilib. Mənbələrin iddiasına görə, yeni qiymətləndirmədə İsrailin ABŞ daxilində siyasi və hərbi qərarvermə prosesləri barədə məlumat toplamağa çalışdığı, yüksəkvəzifəli rəsmilərin izlənməsinə dair fəaliyyətlərin də qeyd olunduğu bildirilir. Rəsmilər həmçinin İsrailin insan resursları və texniki kəşfiyyat imkanlarının Müdafiə Kəşfiyyat İdarəsi (DİA) tərəfindən “kritik səviyyədə” qiymətləndirildiyini iddia ediblər. Sənəddə “ABŞ-nin narahatlığını artıran bir sıra insidentlərə” istinad edildiyi qeyd olunur. İddialarda İsrailin kəşfiyyat fəaliyyətinin “ənənəvi casusluq çərçivəsindən kənara çıxdığı” da vurğulanır. Ağ Ev isə yayılan məlumatları rədd edərək, “bütün bu hesabatlar əsassızdır” bəyanatını verib. Pentaqon isə məsələyə münasibət bildirməkdən imtina edib. Vaşinqtondakı İsrail səfirliyinin sözçüsü də ittihamları təkzib edərək, İsrailin ABŞ-yə qarşı casusluq fəaliyyəti göstərməsi iddialarının “tamamilə əsassız” olduğunu bildirib. “The New York Times” nəşrinin məlumatına görə, iddia olunan kəşfiyyat fəaliyyətləri, əsasən, ABŞ-nin İranla bağlı siyasəti və danışıqlar prosesinə yönəlib. Bildirilir ki, hədəf kimi ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff, eləcə də, Pentaqon rəsmiləri göstərilir. Eyni zamanda, bəzi keçmiş rəsmilər Tramp administrasiyasında təhlükəsizlik məsələlərinin şəxsi cihazlar və qeyri-rəsmi kommunikasiya vasitələri üzərindən aparılmasının kəşfiyyat risklərini artırdığını iddia ediblər.