“Cənnət yuxusu”, “Arşın mal alan” və “Doğma torpaq” filmləri Aşqabadda nümayiş olundu — Fotolar
Türkmənistanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Aşqabad şəhərində milli kinomuzun müxtəlif dövrlərini və mövzularını əks etdirən silsilə film nümayişləri baş tutub. “Qafqazinfo” xəbər verir ki, paytaxtın “Aşqabad” kinoteatrında iyunun 5-dən 7-dək davam edən nümayişlərdə tamaşaçılara fərqli janrlarda üç ekran əsəri – “Cənnət yuxusu”, “Arşın mal alan” və “Doğma torpaq” filmləri təqdim olunub. Kino proqramı iyunun 5-də görkəmli portretçi rəssam, Azərbaycan təsviri sənətində dəzgah boyakarlığının banisi Mirzə Qədim İrəvaninin (1825–1875) 200 illik yubileyinə həsr olunmuş “Cənnət yuxusu” bədii-sənədli filmi ilə açıqlıb. Mədəniyyət Nazirliyinin sifarişi ilə ərsəyə gələn, ssenari müəllifi Yavər Rzayev, quruluşçu rejissoru isə Elxan Cəfərov olan bu ekran işində sənətkarın həyatı ilə paralel olaraq, qədim İrəvan şəhərinin mədəni irsi və azərbaycanlıların tarixi torpaqlarından deportasiyası arxiv materialları ilə işıqlandırılıb. İyunun 7-də “Aşqabad” Kinoteatrında Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında rejissorlar Rza Təhmasib və Nikolay Leşşenko tərəfindən 1945-ci ildə ekranlaşdırılmış “Arşın mal alan” filminin nümayişi baş tutub. Filmdə baş rolları Rəşid Behbudov, Leyla Bədirbəyli və digər görkəmli aktyorlar ifa ediblər. Həmin gün nümayiş etdirilən növbəti ekran işi – rejissor və ssenarist İlqar Safatın müəllifi olduğu “Doğma torpaq” (2025) tammetrajlı bədii filmi olub. Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi ilə “Nərimanfilm”də istehsal olunan filmdə Qarabağda separatizmə qarşı mübarizə fonunda, Qafqaz bəbiri haqqında sənədli film çəkməyə gələn londonlu jurnalist Mirandanın gözü ilə Azərbaycanın acı və şərəfli tarixi həqiqətləri tərənnüm edilir. Türkmənistanın tanınmış elm, mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri və tələbələr tərəfindən izlənilən hər üç ekran əsəri böyük maraq və alqışlarla qarşılanıb. Lamiyə Məmmədova

Şərh verin