Səyyar “ASAN xidmət” Gürcüstanda — Fotolar
5, 6 və 7 iyun 2026-cı il tarixlərində Gürcüstanın Tbilisi şəhərində, ölkəmizin Gürcüstandakı səfirliyində Azərbaycan vətəndaşlarına dövlət xidmətlərinin çatdırılması üçün səyyar “ ASAN xidmət ” avtobusu vasitəsilə xidmət göstərilib. “Qafqazinfo” xəbər verir ki, xüsusi avadanlıqlarla təchiz olunmuş səyyar avtobusda vətəndaşlar şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi xidmətlərindən yararlanıblar. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Xarici İşlər Nazirliyinin birgə təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsinin isə dəstəyi ilə təşkil olunub. Bu çərçivədə 500-ə yaxın vətəndaşın işi asanlaşıb. Səyyar “ASAN xidmət”in gələcəkdə digər ölkələrdə də keçirilməsi nəzərdə tutulub. Əsas məqsəd dövlət xidmətlərinin hər kəs üçün daha rahat, innovativ üsullarla və əlçatan şəkildə təqdim edilməsidir. Bu xidmət vətəndaş məmnunluğunu təmin etməklə yanaşı, dövlət xidmətlərinin daha geniş kütləyə sürətli və bərabər şəkildə çatdırılmasına imkan yaradır.

Şərh verin