Bu oyunlara ayda 40-70 manat xərclənir
Sosial media asılılığının ailə büdcəsinə də birbaşa təsiri var. Milli.Az Trend-Az-a istinadla xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin üç komitəsinin bugünkü birgə iclasında deyib. Komitə sədri bildirib ki, gənclər tərəfindən edilən impulsiv alışlar - oyun içi satınalmalar, influencer reklamları ilə yönəldilən istehlak, abunəlik xidmətləri - ailə büdcəsindən xeyli vəsait aparır. "12-18 yaş qrupundakı gənclərin aylıq ortalama rəqəmsal xərcləri 40-70 manata, yəni orta ailə büdcəsinin 6-12 faizinə bərabərdir. İnternet texnologiyaları uşaqları sadəcə sosial media vasitəsilə deyil, bir çox başqa yollarla da tələyə sala bilir. Fortnite, Roblox, PUBG kimi oyunlar milyonlarla uşağı hədəf alır. Oyunlarda "loot box" - yəni, şans əsasında mükafat qutusu mexanizmi Belçika, Hollandiya kimi ölkələr tərəfindən qanunsuz qumar mexanizmi olaraq qəbul edilib". Milli.Az

Şərh verin