“Nərimanov”da avtobuslar üçün mübadilə mərkəzi yaradılır — Fotolar

Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq, paytaxtda piyada və ictimai nəqliyyat infrastrukturunun yaxşılaşdırılması davam etdirilir. “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində Təbriz küçəsində genişmiqyaslı layihənin icrasına başlanılır. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) “Qafqazinfo”ya verilən məlumata görə, layihə çərçivəsində metronun “Nəriman Nərimanov” stansiyasının ətrafında piyada və nəqliyyat axını nəzərə alınaraq avtobuslar üçün kiçik mübadilə mərkəzi yaradılacaq, yeni piyada keçidləri təşkil olunacaq və kəsintisiz piyada mühiti formalaşdırılacaq. Küçənin xiyaban tipli səki hissəsində piyada axınlarının daha rahat idarə olunması, səkinin genişləndirilməsi ilə hərəkət şəraitinin yaxşılaşdırılması istiqamətində tədbir görüləcək. Həmçinin Bakı Konqres Mərkəzinin yaxınlığında təhlükəsiz piyada keçidlərinin təşkili, ağaclardan ibarət bufer zolağının yaradılması və parklanma sahəsinin təşkil edilməsi hesabına ərazinin cəlbediciliyi artırılacaq.